Uşaq Səfirlər Məclisinin üzvlərinin Türkiyə Respublikasının Ankara şəhərinə təcrübə mübadiləsi məqsədli beş günlük səfəri təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Musab Məmmədli, İbrahim İbrahimli, Fatimə Fətəliyeva, İbrahim Allahverdiyev, Tunar Məmmədli və Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadənin Türkiyə Respublikasının Ankara şəhərinə təcrübə mübadiləsi məqsədli beş günlük səfəri təşkil olunub.
2-6 sentyabr tarixlərini əhatə edən işgüzar səfərin ilk günü Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Uşaq Xidmətləri Baş İdarəsinin baş direktoru xanım Ayşegül Yıldırım Kayanın Uşaq Səfirlər Məclisinin üzvləri və Ankara Uşaq Hüquqları Komitəsinin nümayəndələri ilə görüşü baş tutmuşdur. Tədbir zamanı məclis üzvləri tərəfindən iştirakçılara Uşaq Səfirlər Məclisinin strukturu və fəaliyyəti haqqında məlumat verilmiş, daha sonra uşaq hüquqları, dünyada baş verən qlobal məsələlər və ekoloji problemlər müzakirə edilmişdir. Görüşün sonunda Dövlət Komitəsi tərəfindən Türkiyə Respublikasının Uşaq Xidmətləri Baş İdarəsinə Azərbaycanın milli-mədəni dəyərlərini təmsil edən suvenir hədiyyə olunmuşdur.
Bununla yanaşı nümayəndə heyəti gün ərzində Afrika Əl İşləri və Mədəniyyət Evi, eləcə də Türkiyə Respublikasının Prezident Milli Kitabxanasına ekskursiya ediblər.