“Korrupsiya uşaqların gözü ilə” mövzusunda maarifləndirici təlim keçirilib.
9 oktyabr 2026-cı il tarixində 117 nömrəli tam orta məktəbin VIII–X sinif şagirdləri üçün “Korrupsiya uşaqların gözü ilə” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin ilk hissəsində ekspert qismində çıxış edən Ruhəngiz Hüseynova tərəfindən korrupsiyanın mahiyyəti, yaranma səbəbləri, cəmiyyətə mənfi təsirləri və korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verilib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxış edərək təhsildə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın təmin olunması və bu sahədə normativ-hüquqi aktların tələblərinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb. Tədbir çərçivəsində mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.
İnteraktiv müzakirə formatında davam edən təlim zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı fikir və mülahizələri dinlənilib.
Qeyd edək ki, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi, şagirdlərin hüquqi biliklərinin artırılması məqsədilə təşkil olunub.