“Uşaq Səfirlər Məclisi”nin Əsasnaməsi

 

1. Ümumi müddəalar

1.1 Bu əsasnamə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) təqdim etdiyi “Uşaq Səfirlər Məclisi” (bundan sonra Məclis) layihəsinin icrasını təmin etmək, eləcə də layihə əsasında qurulacaq Məclisin təşkilati və hüquqi fəaliyyətinin əsas prinsiplərini tənzimləmək məqsədilə tərtib edilmişdir.

1.2  Əsasnaməyə əlavə və dəyişikliklər Komitənin rəyi ilə edilə bilər.

1.3  Məclisə Komitənin rəyi əsasında 13-17 yaş arası uşaqlar üzv ola bilər.

1.4  Məclis 15 nəfərdən ibarət olur.

1.5  Məclisə üzvlər bir il müddətinə seçilir.

1.6 Bu müddət Komitənin rəyi əsasında uzadıla bilər.

2. Məqsəd

2.1 Uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşması, ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin və idarəetmə mədəniyyətinin formalaşdırılması, iştirak hüququnun təmin olunması.

2.2 Uşaqların fəal vətəndaşlıq və qanunun aliliyi ruhunda istiqamətlənməsi.

3. Məclis üzvlərinin vəzifələri

3.1 Məclisin keçirdiyi tədbirlərdə iştirak etmək;

3.2 Uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və bacarıqlarının artırılmasında fəal iştirak etmək;

3.3 Bütün üzvlərə münasibətdə hörmət, açıq fikirlilik və dözümlülük göstərmək;

3.4 Məclis üzvü olaraq fəaliyyətində qərəzsiz olmaq;

3.5 Dövlət və dövlətçilik, milli-mənəvi dəyərlər, vətənpərvərliyə hörmət prinsipini əsas tutmaq;

3.6 Məclis üzvü olaraq şəxsi sosial şəbəkə paylaşımlarına diqqət yetirmək və Uşaq Səfirlər Məclisinin mənafeyinə zidd paylaşımlardan çəkinmək. 

3.7 Məclis üzvlərinə, keçirilən tədbirlər zamanı tədbir iştirakçılarına, uşaqlara qarşı münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmaq.

3.8 18 yaşı tamam olan, məclisdə iştirak səlahiyyətini itirən səfir Komitənin razılığı ilə Koordinator kimi fəaliyyət göstərə bilər.

3.9 Sədr tərəfindən verilən tapşıraqlara gün ərzində münasibət bildirmək

4. Məclisə sədrin seçilməsi

4.1 Sədr hər yeni ilin ilk 10 günü səfirlər arasında səsvermə yolu ilə bir il müddətinə sadə səs çoxluğu ilə seçilir;

4.2 Sədr səsvermə zamanı eyni səs çoxluğu toplayan üzvlər arasından Komitənin rəyi əsasında təyin olunur.

5. Məclis Sədrinin vəzifələri

5.1 Məclis üzvlərinin fəaliyyətlərini əks etdirən aylıq hesabatlarını hazırlamaq.

5.2 Məclisin tədbirlər planının layihəsinin hazırlanması, müzakirələrin keçirilməsi, qərarların qəbul olunması və icrasını təmin etmək.

5.3 Verilən tapşırıqların həyata keçirilməsini təmin etmək.

5.4 Departamentlərin fəaliyyətinə nəzarət, fəaliyyətini qiymətləndirməsini təmin etmək, Məclis üzvlərinin istəklərini nəzərə alaraq Departamentlərin tərkiblərində dəyişikliklər etmək.

5.5 Məclisdə qərarlar verilərkən Koordinator ilə məsləhətləşmək.

5.6 Departamentlərin fəaliyyətini formalaşdırmaq.

5.7 Məclisin tədbirlər planını hazırlamaq və təsdiq etmək. (Tədbirlər planı sadə səs çoxluğu ilə təsdiq edilir)

6. Məclisin Koordinatoru

6.1 Koordinator Məclisdə azı 1 il fəaliyyət göstərmiş, 18 yaşı tamam olan gənclər arasından Komitənin rəyi əsasında seçilir.

6.2 Koordinator Məclisə Komitə tərəfindən təqdim olunur.

6.3 Məclisdə könüllü əsaslarla fəaliyyət göstərir.

6.4 Məclis ilə Komitə arasında koordinasiya işlərini aparır.

6.5 Komitənin tövsiyələri barədə Məclis üzvlərini məlumatlandırır.

6.6 Məclis üzvlərinin rəy, təklif, şikayət və xahişlərini Komitəyə bildirir.

6.7 Məclisin digər təşkilat və qurumlar ilə əməkdaşlığını həyata keçirir.

7. Departament rəhbərinin vəzifələri

7.1 Departament daxili iş bölgüsü aparmaq, daxili iclaslar keçirmək.

7.2 Departamentin işi və departament üzvlərinin fəaliyyəti haqqında sədrə hesabat vermək.

8. Məclis daxilində etik normalar və nizam-intizam tədbirləri

8.1 Üzvlər Komitənin və Məclisinin nüfuzuna xələl gətirəcək geyim tərzindən, danışıq və özünüidarə formasından çəkinməli, nəzərdə tutulan etik davranış qaydalarına əməl etməlidir.

9. Məclis üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

9.1 Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda.

9.2 18 yaşı tamam olduqda.

9.3  İl ərzində 2 (iki) dəfədən artıq iclas və tədbirlərdə iştirak etməkdən boyun   qaçırdıqda; (üzrlü səbəblər istisna olmaqla)

9.4 Məclisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdikdə.

9.5 Əsasnamədə nəzərdə tutulan məqsəd və vəzifələrə zidd hərəkət etdikdə.

9.6 Əsasnamənin 8-ci maddəsinin tələblərini pozduqda.

Əlavə müddəalar

  1. Bu Əsasnamə Uşaq Səfirlər Məclisində fəaliyyət göstərən üzvlərə şamil edilir.
  2. Uşaq Səfirlər Məclisinin Azəbaycan Respublikasının regionlarında fəaliyyət göstərəcək nümayəndəlikləri üçün bu Əsasnamənin müvafiq əlavələr ilə düzəlişlər edilmiş variantı şamil edilir.
  3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Səfirlər Məclisinin fəaliyyətini dəstəkləyir və ona tövsiyələr verir.
  4. Məclis üzvləri Əsasnamənin bəndləri ilə razılaşdığını öz imzalarıyla təsdiq edir.
  5. Bu Əsasnamə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmişdir.