Uşaq Səfirlər Məclisi ilə növbəti görüş keçirilib
15 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb.
Görüş zamanı Məclisin üzvləri ötən il ərzində həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat veriblər.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Məclisin fəaliyyətini yüksək qiymətləndirib və vurğulayıb ki, Məclis üzvləri öz işlərini səmərəli aparmaqla yanaşı, həm fərdi, həm də komanda şəklində iştirak etdikləri yarışlarda mühüm nailiyyətlər əldə ediblər. Qazandıqları uğurlara görə səfirləri təbrik edən A. Sofiyeva, 2024-cü ildə qarşıda duran məsələlərin icrasında onlara müvəffəqiyyətlər arzu edib.
Görüş Məclisin regional və məktəb nümayəndəlikləri ilə işinin intensivləşməsi üzrə təkliflərin səsləndirilməsi, eləcə də gələcək iş planının müzakirəsi ilə davam edib. Həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılacaq işlər barədə məlumat verilib.