“Qloballaşma dövründə ana dilinin qorunması” mövzusunda görüş keçirilib

“Qloballaşma dövründə ana dilinin qorunması” mövzusunda görüş keçirilib

  • 20 Fevral 2026
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “Qloballaşma dövründə ana dilinin qorunması” mövzusunda görüş keçirilib.

21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan görüşdə Uşaq Səfirlər Məclisinin üzvləri və Komitə könüllüləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova günün əhəmiyyətindən bəhs edib, gənc nəslin dilimizin qorunmasındakı rolundan danışıb.

Daha sonra yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, ANAİB-in İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru və Komitə yanında İctimai Şuranın üzvü Şəmil Sadiq çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu və zəngin lüğət tərkibi barədə ətraflı məlumat verib.

Şəmil Sadiq bildirib ki, ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, fəlsəfi düşüncəsini və mədəniyyətini əsrlər boyu yaşadan milli-mənəvi sərvətdir. O, qloballaşma və rəqəmsal mühitin təsiri fonunda dilimizin saflığının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini diqqətə çatdırıb, bu istiqamətdə gənclərin maarifləndirilməsinin və fəal vətəndaş mövqeyinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Sonra Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə çıxış edərək, gəncləri milli kimliyimizin keşiyində dayanmağa və mənəvi irsimizə sahib çıxmağa çağırıb.

Tədbirin davamında uşaq səfirlər və Komitə könüllüləri rəqəmsal mühitdə dil mədəniyyətinin formalaşması, sosial şəbəkələrdə ədəbi dil normalarına riayət olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb, mövzu ilə bağlı suallarını səsləndiriblər.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və ana dilinin qorunmasının dövlət–cəmiyyət–gənclər əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb.

Gənclərə “Hədəf” nəşriyyatında ana dilimizlə bağlı çap edilən kitablar, dünya klassiklərinin və milli ədiblərimizin əsərlərindən ibarət nümunələr hədiyyə edilib, gənclərlə xatirə şəkili çəkdirib.