“Mənim hüquqlarım” təşviqat avtobusu Xocavənd rayonunda

“Mənim hüquqlarım” təşviqat avtobusu Xocavənd rayonunda

  • 20 Avqust 2026
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, onların hüquqları və maraqlarına toxunan mövzular üzrə maarifləndirilməsi məqsədilə həyata keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Xocavənd rayonunda təşkil olunub.

18–20 avqust 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Hadrut və Qırmızı Bazar qəsəbələrində, Sos kəndində və Xocavənd şəhərində uşaqlar üçün maarifləndirici təlimlər keçirilib.

Təlimlərdə ümumilikdə 160 uşaq iştirak edib. Tədbirlər zamanı “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında iştirakçılara məlumat verilib, müxtəlif interaktiv məşğələlər və qrup işləri təşkil olunub.

Tədbirin açılışında xüsusi nümayəndəliyin əməkdaşı çıxış edərək iştirakçıları salamlayıb və layihənin Xocavənd rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi barədə məlumat verib, layihənin məqsəd və vəzifələrindən, eləcə də uşaqların hüquqları ilə bağlı maarifləndirici tədbirlərin aktuallığından bəhs edib.

“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov tərəfindən uşaqlara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, şəxsi məlumatların qorunması, internetdən istifadə zamanı qarşılaşa biləcəkləri risklər və təhlükəsiz internet istifadəsinin əsas prinsipləri izah olunub.

Uşaq Səfirlər Məclisinin üzvü Tərlan Əhədzadə Uşaq Səfirlər Məclisinin fəaliyyəti və uşaqların hüquqları və ictimai həyatda iştirak imkanları barədə məlumat verib.

Təlimlər çərçivəsində həm də “Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi Abdulrauf Fərhadov tərəfindən ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi yönündə müxtəlif qrup işləri və interaktiv məşğələlər keçirilib.

Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı müxtəlif bədii kitablar və stikerlər təqdim olunub.