“Gələcək Bizik!” adlı liderlik məktəbi uğurla başa çatdı!
25–28 avqust 2026-cı il tarixlərində Uşaq Səfirlər Məclisi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcək Bizik!” adlı liderlik məktəbi uğurla yekunlaşdı.
Layihənin əsas məqsədi uşaqların liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, həmçinin effektiv kommunikasiya və yaradıcı düşüncə kimi vacib keyfiyyətlərə yiyələnmələrinə şərait yaratmaq idi.
Dörd gün davam edən proqram çərçivəsində iştirakçılar müxtəlif mövzularda təlimlərdə iştirak ediblər. İlk gün “Lider kimdir?” mövzusunda “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Misir Məmmədov, “Layihələrin idarəedilməsi” mövzusunda isə Uşaq Səfirlər Məclisinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Tərlan Əhədzadə çıxış edib. Təlimlərdən sonra uşaqlar qısa zaman ərzində layihələr hazırlayaraq onları təqdim etdilər.
İkinci gün Uşaq Səfirlər Məclisinin məzun üzvü, Shanghai Jiao Tong Universitetinin tələbəsi Nigar Səfərova tərəfindən “Debat nədir?” mövzusunda təlim keçirilib. Təlimdən sonra uşaqlar komandalara bölündü və mini debat sessiyası həyata keçirildi.
Üçüncü gün Uşaq Səfirlər Məclisinin məzun üzvü, Sabancı Universitetinin tələbəsi Meliha Qurbanova iştirakçılarla “Nitq və ünsiyyət bacarıqları” mövzusunda bilik və təcrübələrini bölüşüb.
Layihənin son günündə iştirakçılar əldə etdikləri biliklər əsasında təqdimatlar hazırlayaraq çıxış ediblər. Təqdimatlar qiymətləndirilib və iştirakçıların qazandıqları bacarıqlar nümayiş etdirilib.
Layihə təltifetmə mərasimi ilə yekunlaşıb. Burada Uşaq Səfirlər Məclisinin üzvləri və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin rəhbərliyi iştirak edib. Bütün iştirakçılara sertifikatlar ilə “Uşaqlar və hüquq” kitabı təqdim olunub, bağlanış nitqləri səsləndirilib və xatirə fotoları çəkdirilib.
“Gələcək Bizik!” adlı liderlik məktəbi iştirakçıların şəxsi inkişafına töhfə verməklə yanaşı, onların gələcək liderlər kimi formalaşması istiqamətində mühüm addım oldu.