Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb.
Uşaq iştirakçılığının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən Komitə sədri, uşaqların hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
O bildirib ki, uşaqların qərarqəbuletmə proseslərində fəal təmsil olunması onların liderlik bacarıqlarının formalaşmasına, sosial məsuliyyət hissinin güclənməsinə və gələcəkdə aktiv vətəndaş kimi yetişmələrinə mühüm töhfə verir.
Daha sonra Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndəsi Əlizadə Kənan çıxış edərək rayonda yaradılan imkanlar, həyata keçirilmiş maarifləndirici tədbirlər, sosial layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər barədə ətraflı məlumat verib.
O, xüsusilə gənclərin ictimai fəallığının artırılması, zərərli vərdişlərə qarşı mübarizə, abituriyentlərə dəstək və liderlik bacarıqlarının inkişafı istiqamətində planlaşdırılan layihələri diqqətə çatdırıb.
Ardınca Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə digər nümayəndəsi Zəhra Əliyeva çıxış edərək fəallar tərəfindən irəli sürülən təşəbbüs və təklifləri səsləndirib, yerli səviyyədə mövcud olan problemlər və onların həlli yolları barədə fikirlərini bölüşüb.
Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər ətrafında geniş müzakirə təşkil olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.