“Kiçik ürəklər, böyük ideyalar: Startuplara gedən yol necə başlayır?” mövzusunda təlim keçirilib

“Kiçik ürəklər, böyük ideyalar: Startuplara gedən yol necə başlayır?” mövzusunda təlim keçirilib

  • 11 Avqust 2026
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə məktəblilər və gənclər üçün “Kiçik ürəklər, böyük ideyalar: Startuplara gedən yol necə başlayır?” mövzusunda təlim keçirilib.

Təlimdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov iştirak edərək məktəblilər və gənclərlə startup ekosistemi, innovativ sahibkarlıq və müasir biznes imkanları barədə fikir mübadiləsi aparıb.

Görüş zamanı iştirakçılara startup ideyasının formalaşdırılması və inkişaf etdirilməsi, biznes modelinin qurulması, innovativ layihələrin həyata keçirilməsi, eləcə də gənclər üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, uğurlu startup nümunələri iştirakçıların diqqətinə çatdırılıb və onların sualları cavablandırılıb.

Təlimin əsas məqsədi məktəblilərdə və gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, sahibkarlıq və layihə hazırlama bacarıqlarının inkişaf etdirilməsi, onların startup ekosistemi ilə yaxından tanış olmalarına şərait yaradılması və öz ideyalarını uğurlu layihələrə çevirmələri üçün ilkin bilik və motivasiyanın qazandırılması olub.

Sonda iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və gələcəkdə innovativ ideyaların reallaşdırılması istiqamətində atıla biləcək addımlar barədə tövsiyələr verilib.