14 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında
14 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvlərinin "Düşüncədən qələbəyə" debat layihəsi çərçivəsində növbəti görüşü Bakı 1 nömrəli Ailə Tipli Kiçik Qrup evində baş tutub.
Görüş zamanı uşaqlara uşaq hüquqları haqqında geniş məlumat təqdim olunmuş, onların gündəlik həyatda hansı hüquqlara sahib olduqları və bu hüquqların pozulması hallarında müraciət edə biləcəkləri qurumlar izah edilmişdir.
Sonrakı mərhələdə iştirakçılara debatın əsas prinsipləri və strukturu öyrədilmişdir. Uşaqlar “Debat nədir?”, “Yaxşı debatçı necə olmalıdır?” və “Etika nədir və niyə önəmlidir?” kimi suallara cavab axtararaq mövzular üzərində düşünmüş, fikir mübadiləsi aparmışlar.
Təlim interaktiv formada keçirilib; müxtəlif oyunlar və qısa fəaliyyətlər (energizerlər) vasitəsilə uşaqlar öyrəndiklərini praktikada tətbiq etdilər
Tədbirin məqsədi uşaqlarda tənqidi və yaradıcı düşünmə qabiliyyətlərini inkişaf etdirmək, fikir ifadə etmə və arqumentasiya bacarıqlarını artırmaq, həmçinin ictimai çıxış və debat vərdişlərini möhkəmləndirməkdir.