Uşaq Səfirlər Məclisinin üzvləri Türkiyədə keçirilən Uşaq Məsləhət Şurasının iclasında iştirak ediblər

Uşaq Səfirlər Məclisinin üzvləri Türkiyədə keçirilən Uşaq Məsləhət Şurasının iclasında iştirak ediblər

  • 02 Fevral 2024
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Uşaq Səfirlər Məclisinin üzvləri İstanbul şəhərində keçirilən Uşaq Məsləhət Şurasının 2024-cü il üçün nəzərdə tutulmuş ilk iclasında iştirak ediblər.

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı əsasında Türkiyə, Kipr və Azərbaycan Respublikasını təmsil edən uşaqların iştirakı ilə baş tutan tədbirdə Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün açılış nitqi ilə çıxış edib. O, bu tədbirin uşaqların özünüifadə bacarıqlarının inkişafı və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. BMT-nin Uşaq Fondunun (UNİCEF) Türkiyə təmsilçisi Paolo Marchi uşaq hüquqlarının əhəmiyyətindən danışıb, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçiriləcəyinin sevindirici hal olduğunu xüsusi vurğulayıb.

Uşaqların fikir mübadiləsi ilə davam edən iclasda 2023-cü ilə aid fəaliyyətlər qiymətləndirilib, cari il üçün nəzərdə tutulan tədbirlər planı və əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Uşaq Məsləhət Şurasının ilk iclasının əsas məqsədi uşaqların iştirakçılıq və liderlik bacarıqlarının, özünüinkişaf və dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.

İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Fidan Kərimova, Bahar Həsənli və Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvləri Rüfət Əzizzadə, Nəzrin Bayramlı, Beynəlxalq əlaqələr departamentinin üzvləri Məryəm Hüseynova, Nicat Rəhimov, Uşaq hüquqları və uşaqlarla iş departamentinin üzvü Əliəkbər Babayev iştirak ediblər.