Uşaq Səfirlər Məclisinin 2024-cü ilin yekunu və 2025-ci ilin tədbirlər planına dair iclası keçirilmişdir.
Uşaq Səfirlər Məclisinin 2025-ci il üzrə ilk iclası keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ötən ilin yekunu və cari ilin tədbirlər planının müzakirəsi ilə əlaqədar Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüş keçirilib.
Görüş zamanı çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Məclisin ötənilki fəaliyyətini yüksək qiymətləndirərək, həyata keçirilmiş uğurlu tədbirlərin cəmiyyət üçün önəmini vurğulayıb.
Aynur Sofiyeva, 2025-ci ildə görüləcək işlər və tədbirlər planının icrası ilə bağlı Məclis üzvləri ilə müzakirə aparıb, cari ildə uşaq hüquqları, beynəlxalq əlaqələrin, regionlarda işin gücləndirilməsi, bu prosesə daha çox uşağın cəlb edilməsi, təhsildə yeni innovasiyalar, sağlam həyat tərzinin təbliği, eləcə də erkən nikah hallarının qarşısının alınması və digər məsələlər ilə bağlı tədbirlərin daha da genişləndirilməsi ilə əlaqədar uşaqlara öz tövsiyələrini verib.
Sədr müavini, həmçinin "Konstitusiya və Suverenlik İli" çərçivəsində insan kapitalının inkişafı və onun ölkənin gələcəyi üçün əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Məclisin qarşısında duran hədəfləri diqqətə çatdırıb.
Çıxışının yekununda sədr müavini Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müzakirələrlə davam edən iclas çərçivəsində Məclis üzvləri təşəbbüs və layihələrlə çıxış ediblər.