Uşaq Səfirlər Məclisi üzvlərinin növbəti görüşü
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar.
Onlar STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonalarını ziyarət edib, müxtəlif proqramlaşdırma dillərinin tətbiqi ilə müasir İKT avadanlıqları barədə məlumat alıblar.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nümayəndələri də iştirak ediblər.
İştirakçıları salamlayan BŞTİ müdiri Mehriban Vəliyeva Uşaq Səfirlər Məclisinin əhəmiyyəti barədə danışaraq, bildirib ki, onlar daşıdıqları bu vəzifə ilə özlərini müstəqil ifadəetmə bacarığı, idarəetmə mədəniyyətinin formalaşması kimi vərdişlərə yiyələnirlər. O, yeni dövrün çağırışlarında bu keyfiyyətlərin böyük rol oynadığını bildirərək, XXI əsr bacarıqlarını məktəb illərindən uşaqlara aşılamağın əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən AQUPDK-nın Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova Uşaq Səfirlər Məclisinin fəaliyyəti barədə məlumat verərək bildirib ki, əsas məqsəd uşaq hüquqlarının qorunması istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların əlaqələləndirilməsi və əməkdaşlığın artırılmasında fəal iştirak etməkdir. C. Bağırova Uşaq Səfirlər Məclisi üzvlərinin bu vəzifələrlə yanaşı innovativ düşüncə və təşəbbüslər, müasir bilik və bacarıqlar barədə məktəb yoldaşları arasında təbliğat işində də fəallıq göstərdiklərini diqqətə çatdırıb.
Sonda Uşaq Səfirlər Məclisinin üzvləri dinlənilib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılaraq, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.