Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim proqramı təşkil edilib
Şəki şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 17 may 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim proqramı təşkil edilib.
Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova diqqətə çatdırıb ki, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. “Uşaqdan-uşağa” layihəsi çərçivəsində “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlimin keçirilməsində əsas məqsəd uşaqlara inkişaf hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, iştirakçılıq bacarıqlarının formalaşdırılması üçün şərait yaratmaq, eyni zamanda, uşaqlarda komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir.
Çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov yeni yaranan qurumun dövlət uşaq siyasətini dəstəkləyən fəaliyyət istiqamətləri haqqında məlumat verib və bu cür tədbirlərin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb.
Daha sonra Uşaq Səfirlər Məclisinin koordinatorları - “Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədr müavini Əsmər İsmayılova və İcraçı direktoru Nurlan Cəbrayılzadə Platformanın yaranma prosesi, məqsəd və vəzifələri barədə məlumat veriblər.
Davamında Uşaq Səfirlər Məclisinin üzvləri Mətləb Orucov və Məryəm Hüseynova uşaqların inkişafında rol oynayan ailə və cəmiyyət faktorlarından söz açıblar. Bildirilib ki, günümüzdə istifadə olunan texnologiya ilə uşaqların inkişaf üsulları daha da sadələşdirilib. Əgər inkişafın əsasında cəmiyyətin mahiyyətini nəzərə alsaq, müasir texnologiyalar bunun üçün bir vasitədir. Uşaqlar öz üzərində işləməyi və təsiretmə bacarıqlarını formalaşdırmalı, məhdudiyyətlər ilə sərhədlər yaratmamalıdırlar. Çünki uğurlu gələcək uşaqların inkişafından keçir.
Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva uşaqların inkişafı üçün faydalı olan metod və üsullardan, sosial fəaliyyətlərinin onların gələcək həyatlarında oynayacağı roldan danışıb. O, uşaqlıq dövründə qoyulan təməlin sonrakı inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğulayıb.
İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, uşaq inkişafının təmin olunma formalarına dair öyrəndikləri bilikləri “kahoot” tipli oyun vasitəsilə daha da möhkəmləndiriblər.
Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlim “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində həyata keçirilib.