Regionlarda “Qızlar müzakirəyə qoşulur” tədbirlər silsiləsinə start verilib
Regionlarda “Qızlar müzakirəyə qoşulur” tədbirlər silsiləsinə start verilib
Uşaq Səfirlər Məclisinin Qəbələ üzrə regional nümayəndələri Ayan Ağalı və Zəhra Həşimlinin təşəbbüsü “Qızlar müzakirəyə qoşulur” tədbirlər silsiləsi çərçivəsində “Erkən nikaha son deyək və təhsildən geri qalmayaq” mövzusuna təlim keçirilib.
Cəmiyyəti kökündən sarsıdan mənəvi bəlalardan biri erkən nikahlardır. Təəssüflər olsun ki, dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda erkən nikah problemi aktualdır və kökündən həll olunası bir məsələdir.
Təlimdə bir sıra mütəxəssislərin erkən nikahı cəmiyyəti, ailə dəyərlərini sarsıdan mənəvi terror kimi xarakterizə etdiyi qeyd edilib. Bildirilib ki, uşaq yaşda, yeniyetməliyin ilk çağlarında, hələ formalaşmadan, gəlinciyindən, oyuncağından, uşaqlığından doymayan qızların ərə verilməsi çox mənfi nəticələr verir. Nə mənəvi, nə bioloji, nə psixoloji və digər göstəricilərinə görə ailə həyatına hazır olmayan qızların qurduğu ailələr əksər hallarda yarımçıq qalır. Məktəbdən, təhsildən zorla kənarlaşdırılan qızlar demək olar ki, normal yaşayışdan məhrum olurlar. Təəssüf ki, buna da rəvac verən onların ailələri, valideynləri, yaxınları olur. Qızlarını erkən yaşda oda atan valideynlər öz övladına nə qədər pislik etdiyinin fərqinə varmaq istəmirlər. Məktəb partasından, kitablarından, müəllimlərindən, bütövlükdə ali təhsil almaq, cəmiyyət üçün yararlı vətəndaş olmaq hüququndan məhrum edilən qızların taleyi hər kəsi düşündürməlidir.
Sonra məkdəbli qızlar öz çıxışlarında mövcut problemlərdən söz açıb, geniş fikir mübadiləsi aparıblar. Çıxışlarında müasir dövrdə ölkəmizdə qızlar üçün peşə məhdudiyyətinin olmaması, yaradılan geniş imkanlar da qeyd olunub.