"Uşaq hüquqları tribunası" konfransının işinə yekun vurulub

"Uşaq hüquqları tribunası" konfransının işinə yekun vurulub

  • 17 Noyabr 2023
  • admin

"Uşaq hüquqları tribunası" konfransının işinə yekun vurulub

Konfransın panel iclasları zamanı uşaqların yaşamaq, müdafiə, inkişaf və iştirak hüquqları ilə bağlı müzakirə aparılıb. Qeyd edilən mövzular üzrə panellərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Regional İnkişaf İctimai Birliyi, Gənclər Fondu, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin, eləcə də qardaş Türkiyə Respublikasının Ailə ve Sosial Xidmətlər Nazirliyinin nümayəndələri çıxış edərək, uşaqların suallarını cavablandırıblar.

Konfrans zamanı Türkiyədən dəvət olunmuş uşaqlar qardaş ölkədə dövlət uşaq siyasəti, uşaq iştirakçılığı və hüquqları ilə bağlı fəaliyyətlərə dair məlumat veriblər. Daha sonra panellər üzrə müzakirələrin nəticələrinə dair təklif və tövsiyələr səsləndirilib.

Konfransa yekun vuran Komitənin sədr müavini Aynur Sofiyeva, tədbirin maraqlı və məhsuldar keçdiyini söyləyib. O, panel iclaslarda uşaq hüquqlarının təmin olunması sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yolları istiqamətində müzakirə aparıldığını qeyd edib, konfransda iştirak edən dövlət qurumlarının nümayəndələrinə, eləcə də qardaş Türkiyədən gələn qonaqlara təşəkkürünü bildirib. Qarşıda duran ən vacib məsələnin sağlam, intellektual, fəal bir nəslin yetişdirilməsi olduğunu vurğulayan sədr müavini, cənab Prezidentin başçılığı ilə bu sahəyə böyük diqqət ayrıldığını qeyd edib. Sonda uşaqlara xoş arzularını çatdıran A. Sofiyeva, Azərbaycanın, bütün Türk Dünyasının gələcəyinin bugünkü nəsildən asılı olacağını dilə gətirib.

Çıxışdan sonra A.Sofiyeva, Komitənin Uşaq Səfirlər Məclisinin yeni üzvlərinə üzvlük kartlarını təqdim edib.

Konfrans bədii hissə ilə davam edib. Bütün iştirakçılara hədiyyələr və fidanlar təqdim edilib. Sonda xatirə fotosu çəkdirilib.