"Böyük qayıdış: uşaqlar üçün yeni dövrün başlanğıcı" konfransı keçirilib
"Böyük qayıdış: uşaqlar üçün yeni dövrün başlanğıcı" konfransı keçirilib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin (AİUP), Uşaq Səfirlər Məclisinin (USM) birgə təşkilatçılığı, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Böyük qayıdış: uşaqlar üçün yeni dövrün başlanğıcı” adlı konfrans keçirilib.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM İnnovasiya Mərkəzində baş tutan konfransda AUİP və USM üzvləri, Məclisin regional nümayəndələri, eləcə də Qarabağ regionundan olan fəal uşaqlar iştirak ediblər.
“#BütövAzərbaycan üçün” devizi altında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Ümumilli Lider Heydər Əliyevin, eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitənin yetişdirdiyi uşaqların bu gün təşkilatlana bildiyi üçün qürur duyduğunu, ilk tədbirləri münasibətilə AUİP üzvlərini təbrik edib və sağlam təməl üzərində qurulan təşkilatın Azərbaycan cəmiyyətində mühüm rol oynayacağını, ətrafına uşaqları, gəncləri toplayacağını deyib. Bu gün milli-mənəvi dəyərlərimizi qorumağın vacibliyini qeyd edən sədr müavini, onu gələcək nəsillərə ötürməyin önəmini vurğulayıb.
2009-cu ilin “Uşaq ili” elan olunması ilə ilk dəfə uşaq forumunun keçirildiyini xatırladan sədr müavini, daha sonra ənənəvi hal alan forumlarda Komitənin bütün respublikadan fəal uşaqları ətrafına toplaya bildiyini vurğulayıb.
O, Uşaq Strategiyasının qəbul olunmasının dövlətin uşaqlara qayğısının bariz göstəricisi olduğunu, Strategeyinın icrası üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinin uşaq huquqlarının təmin olunması istiqamətində koordinasiyanın yaranmasına səbəb olduğunu qeyd edib. 4 ili tamam olan Uşaq Səfirlər Məclisini Komitənin uğurlu layihəsi adlandıran A.Sofiyeva Məclisin fəaliyyətindən, əldə etdiyi uğurlardan danışıb, üzvləri təbrik edib.
Böyük Zəfər qazandıqdan sonra hər baxımdan yeni bir dövrə qədəm qoyulduğunu qeyd edən A.Sofiyeva, işğaldan azad olunmuş torpaqlara qayıdış prosesinin hər birimizin, o cümlədən gənclərin üzərinə böyük məsuliyyət və vəzifələr qoyduğunu söyləyib. Əlavə edib ki, tədbirin də məqsədi bu mövzuda uşaqların fikir və təkliflərini eşitməkdir: “Dövlət tərəfindən işğaldan azad olunan ərazilərin bərpası istiqamətində böyük işlər görülür və bu prosesdə hər bir Azərbaycan vətəndaşının rolu olmalıdır. Bu prosesdə siz də öz sözünüzü deməlisiniz”.
Çıxışının sonunda uşaqları bu gün münasibətilə təbrik edən A. Sofiyeva onlara arzularını və tövsiyələrini çatdırıb.
"Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədri Müslüm Məmmədov qonaqları və uşaqları salamlayıb, konfransın keçirilməsində dəstəyinə görə Dövlət Komitəsinə təşəkkür edib. Dövlət uşaq siyasətindən ilhamlanaraq Qarabağa qayıdışda AUİP-in töhfə verəcəyinə inandığını bildirib. Qeyd edib ki, Platforma bundan sonra da daha çox uşağı ətrafına toplamaq üçün ardıcıl layihələr həyata keçirəcək.
"Ümidli Gələcək" Gənclər Təşkilatının sədri Kəmalə Aşumova AUİP ilə hər zaman əməkdaşlıq etməyə hazır olduğunu, təşkilatın üzvlərinin bacarıq və istedadı ilə gələcəkdə birgə uğurlu layihələrə imza atılacağına, poblemlərin həllinin tapılacağına inamını ifadə edib.
O, uşaqların cəmiyyətdəki çatışmazlıqlara özünəməxsus baxışı olduğunu qeyd edərək əlavə edib ki, belə platformalar vasitəsilə uşaqların cəmiyyətin inkişafı üçün arzu və istəklərini çatdırması, uşaqdan-uşağa prinsipi ilə onların öz yaşıdlarına səslənməsi çox önəmlidir. K.Aşumova sonda uşaqları təbrik edərək, uğurlar arzu edib, gələcəkdə təkcə ölkədə deyil, hüdudlarımızdan kənarda da təmsil olunacaqlarını söyləyib.
Konfrans panel müzakirə sessiyası ilə davam edib. Sessiya zamanı uşaqların böyük qayıdış prosesində reallaşdırıla biləcək təklifləri və sualları səsləndirilib. Tədbir müzakirə ilə davam edib.