“Qəhrəmanlıq tariximiz”
“Qəhrəmanlıq tariximiz” mövzusunda video-konfrans keçirilib
19 yanvar 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) təşkilatçılığı, Uşaq Səfirlər Məclisi (USM) üzvlərinin iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününün 31-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tariximiz” adlı anım tədbiri keçirilib. Video-konfrans ziyalılarla məktəblilərin onlayn görüşü formatında təşkil edilib.
Tədbirin əvvəlində 20 Yanvar, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu ehtiramla yad edilib.
Konfransı giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli bildirib ki, 1990-cı ilin 20 yanvar günü müasir tariximizin həm kədərli, həm də qəhrəmanlıq səhifəsidir. “Bu gün həmin qanlı, eyni zamanda şərəfli tarixi hadisədən 31 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”. Alim vurğulayıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. “Qan tökülərək qazanılan müstəqilliyimizi ölkə başçısının rəhbərliyi altında hər gün fəaliyyətimizlə, yaxşı təhsilimizlə, işimizlə, mövqeyimizlə möhkəmləndirmək, onu daha da inkişaf etdirmək hər bir Azərbaycan gəncinin, aliminin müqəddəs vətəndaşlıq borcudur”, – deyə sonda İnstitut direktoru fikrini tamamlayıb.
ETİ-nun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “20 Yanvar hadisəsinin hüquqi və siyasi qiymətləndirilməsi” mövzusunda çıxış edib. Z.Əliyev bildirib ki, 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Həmin gün Azərbaycanda sovet hakimiyyəti tərəfindən törədilən faciə insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biridir. “Təəssüflər olsun ki, bu faciəni törədənlər hələ də öz layiqli cəzasını almayıb. 20 Yanvar faciə kimi yadda qalsa da, Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir. Qanlı yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini, iradəsini qıra bilmədi. Baş vermiş bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verildi”.
İnstitutun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Müstəqilliyə gedən şərəfli yol: 20 yanvar 1990-cı il” mövzusunda məruzə edib. Hadisənin inkişaf mərhələlərini açıqlayan Z.Əmrahov qeyd edib: “XX əsrdə ikinci dəfə öz müstəqil idarəetmə yolunu seçən Azərbaycan istəklərini dinc şəkildə yox, qurbanlar bahasına gerçəkləşdirdi. Can verməkdə olan imperiya dağılmaqdan xilas olmaq üçün sivil vətəndaşlarımızı güllə ilə qarşıladı. Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş qanlı qırğınlar zamanı rəsmi məlumatlara görə, 131 nəfər öldürüldü. Bunlardan 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar idi. 744 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. 400 nəfər həbs edildi, xeyli vətəndaşımız itkin düşdü. Bütün bunlar Azərbaycan xalqının mübarizə ruhunu, müstəqillik arzularını söndürə bilmədi. SSRİ adlı imperiyanın dayaqlarını Azərbaycanda birdəfəlik sarsıtdı”.
Sonra Uşaq Səfirlər Məclisinin üzvlərindən – Nurlan Cəbrayılzadə “20 Yanvar – Qan yaddaşımız” mövzusunda tədbir iştirakçılarına hadisənin Azərbaycan xalqı üçün olan önəmindən, vacibliyindən, xalqımızın daim əsarət zəncirlərini qıraraq müstəqilliyə qovuşmasından söhbət açıb və tədbir iştirakçılarının marağına səbəb olan məqamlara toxunub.
Məclis üzvü Rüfət Məmmədov 20 yanvar günü zərər çəkmiş uşaqlar barədə məlumat verərək bu qanlı faciənin qurbanına çevrilmiş 4 uşaq - Larisa Məmmədova, Vera Bessantina, İlqar İbrahimov, Nəriman Hüseynov haqqında danışıb.
Məclisin başqa bir üzvü Nəcibə Allahverdiyeva 20 Yanvar hadisələrinin timsalında xalqımıza qarşı törədilən terror aktları haqqında söz açaraq bu günə kimi xalqımızın başına gəlmiş müsibətləri qeyd edib, nəticədə xalqımızın hər bir sınaqdan alnıaçıq, üzüağ çıxdığını bildirib.
Daha sonra Məclisin digər üzvü Həbib Məmmədov 20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsinin vacibliyini və bu məqsəqlə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb.
ETİ-na Uşaq Səfirlər Məclisinin üzvlərinin tədbirdə iştirakına şərait yaratdığı üçün dərin minnətdarlığımızı bildiririk!