Qarabağ Azərbaycandır!
20 avqust 2020-ci il tarixində Uşaq Səfirlər Məclisi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda video-konfrans keçirildi. Konfransda Uşaq Səfirlər Məclisinin 12 üzvü və dəvət etdiyimiz şəhid övladları da iştirak etdi. Onlar:
Zəhra Vəlizadə -2016-cı ilin aprel döyüşlərində Lələtəpənin alınması uğrunda qəhrəmancasına şəhid olmuş, pilot mayor -Urfan Vəlizadənin qızı.
Yaşar Sadıqlı -Tovuz rayon, Ağdam kəndi istiqamətindəki döyüşlərində qəhrəmancasına şəhid olmuş Vüqar Sadıqovun oğlu.
Əziz Gözəlov-Tovuz istiqamətindəki döyüşlər zamanı həyatını itirmiş 76 yaşlı Ağdam kənd sakini, mülki şəxs olan Əziz Əzizovun nəvəsi idi.
Biz Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdik və tədbirimizin moderatoru,məclisimizin həmsədri Aydan Hacıyeva tədbirimizi açıq elan etdi. Konfransımızda Qarabağ müharibəsi dönəmində ölkəmizin mədəniyyətinə vurulmuş zərərlərdən, tarixi abidələrin vandallıqla dağıdılmasından, çoxsaylı vətəndaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən söz açdı, bununla yanaşı müharibə dönəmində ən çox zərər çəkənlərin uşaqlar olduğu da xüsusi vurğulandı. Bundan sonra Aydan Hacıyeva tədbir iştirakçılarını erməni vandalizmini dünyaya göstərəcək, Uşaq Səfirlər Məclisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi və AzərTac-ın birgə təşkilatçılığı ilə hazırlanmış video-çarxı izləməyə dəvət etdi.
Sonra Aydan bəyanatın hazırlanmasında əziyyəti keçmiş dövlət qurumlarına minnətdarlığını bildirərək, Qarabağ həqiqətləri mövzusunda çıxışını davam etdirdi. O həmçinin Ermənistan Silahlı Qüvvələrinin BMT-nin qətnamələrini və digər beynəlxalq normativləri kobudluqla pozduğunu xüsusi qeyd etdi.
Çıxışını yekunlaşdırdıqdan sonra Aydan Hacıyeva çıxış üçün sözu şəhid Urfan Vəlizadənin qızı – Zəhra Vəlizadəyə verdi. Zəhra ermənilərin tarixboyu bütün iddialarının əsassız olduğunu xüsusi vurğulayaraq, bir gün bütün şəhidlərimizin və öz atasının qisasının alınacağına əmin olduğunu qeyd etdi.
Növbəti çıxış üçün sözü Tovuz istiqamətində gedən döyüşlərdə öldürülmüş 76 yaşlı mülki şəxsin nəvəsi – Əziz Gözəlov aldı.O, babasının daim Vətənə bağlı olduğunu qeyd edərək, özünün də Vətənini və torpağını sevdiyini qeyd etdi. Həmçinin Əziz müharibəsiz bir həyatda yaşamağın ən böyük arzusu olduğunu söylədi.
Çıxış edən isə şəhid Vüqar Sadıqovun oğlu Yaşar Sadıqlı atası üçün darıxdığını və müharibəyə “YOX!” dediyini qeyd etdi. Bununla yanaşı atası üçün yazdığı təsirli şeiri də tədbir iştirakçıları ilə bölüşdü.
Aydan Hacıyeva növbəti çıxışı bizim üzvümüz Abdulla Nağıyevə ötürdü. Abdulla qəbul edilmiş hüquqi aktların icrasının gecikdiyindən və tez bir zamanda bu məsələnin həll edilməsinin vacibliyindən danışdı. Bundan sonra isə o,sözü həmkarı Rüfət Məmmədova ötürdü.
Rüfət də BMT-nin qəbul etdiyi qətnamələrin müddəalarının gecikdiyini və icrasının mühüm olduğunu, Qarabağın Azərbaycanın ayrılmaz və bölunməz bir parçası olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını qeyd etdi.
Sonra Aydan Hacıyeva çıxış üçün sözü məclisimizin üzvü Nurlan Cəbrayılzadəyə verdi. Nurlan müharibə dövründə uşaqların konvensiyada müəyyənləşmiş və pozula biləcək hüquqlarından söz açdı. Həmçinin son günlərdə baş vermiş aktual məsələlərə də toxundu. Nurlan həm də “Qarabağ Azərbaycandır!” fikrini çıxışının əsas qayəsi halına gətirərək o platformadan “Uşaqdan-uşağa-2” layihəsini təqdim edərək, xaricdə yaşayan uşaqlar ilə əlaqə yaradılmasını və Qarabağ həqiqətlərinin təbliğinin bu sayədə güclənəcəyini bildirdi. Sonra Nurlan Cəbrayılzadə çıxış üçün sözü həmkarı Həyat Ağayevaya ötürdü.
Həyat Ağayeva da müharibə və atəşkəs dönəmində zərər çəkmiş (öldürülmüş, yaralanmış, istismarına məruz qalmış) uşaqlarla bağlı danışdı.
Sonra çıxış edən isə Həbib Məmmədov oldu. O, Qarabağ müharibəsi və atəşkəs dönəmində Qarabağın təbiətinə dəymiş irihəcmli zərərdən söz açdı. O qeyd etdi ki,erməni vandalları tərəfindən nadir bitkilər qırılır, meşələr yandırırlır, Qarabağın flora və faunası ciddi zərər çəkir. Sonra Həbib sözü Nəcibə Allahverdiyevaya verdi.
Nəcibə müharibə dönəmində insanlara,xüsusilə uşaqlara dəymiş psixoloji ziyan və travmalardan söz açdı. O qeyd etdi ki, müharibə dönəmi yaşamış bütün uşaqlar aqressiya qurbanına çevrilmişlər.
Sonra moderator Aydan Hacıyeva sözü məclisimizin digər bir üzvü Əsmər İsmayılovaya verdi. Əsmər ermənilər tərəfindən Qarabağın maddi-mədəniyyət adidələrinə dəymiş zərərdən söz açdı. Əsmər həmçinin Qarabağ həqiqətlərini dünyaya yaymaq üçün, yeni və kreativ layihələrin icrası üçün “Hamımız Qarabağlıyıq” adlı layihəsini təqdim etdi.
Sonrakı çıxışçı olan, İnformasiya və PR departamentimizin üzvü Rifah Zeynalov isə bu dövrlərdə hərbi informasiyanın və məxfi məlumatların sosial şəbəkələrdə paylaşılmamasını, mediada düzgün xəbərlərə istinad edilməsini tövsiyə etdi və sözü həmkarı Yunis Quliyevə ötürdü.
Yunis də Rifahın dediyi bütün fikirləri təsdiqlədi və Qarabağ reallığının dünyaya çatdırılmasınının vacibliyindən söz açdı. O qeyd etdi ki, hazırki yüksək texnologiyalar dövründən düzgün istifadə ən lazımi məsələlərdəndir, həmçinin dezinformasiyaların fəsadlarının insanlar ilə yanaşı, mövcud vəziyyətə də zərbə vura biləcəyini söylədi.
Moderatorumuz Aydan Hacıyeva çıxış üçün növbəti sözü daha bir üzvümüz Müslüm Məmmədova verdi. O, atəşkəs dönəmində də zərər çəkmiş uşaqlardan söz açdı və köçəri millət olan ermənilərin bütün hüquqları pozmağa alışdıqlarını qeyd edərək, Ermənistanın və dövlətin bütün addımlarında səhvlərini ifşa etdiklərini bildirdi və çıxışının ardı kimi məclisimizin daha bir üzvü Əkrəm Məlikova ötürdü.
Əkrəm Məlikov münaqişə dönəmində ailələrə dəyən zərərdən və bu zərərin cəmiyyət sütunlarında boşluq yarada biləcəyindən danışdı, Qarabağın tez bir zamanda qayıdacağına ümid etdiyini bildirdi.
Xüsusi qeyd etmək istərdik ki, bütün iştirakçılar çıxışlarının sonunda “Qarabağ AZƏRBAYCANDIR!” fikrini daim qeyd etdi, bu əhval-ruhiyyə ilə Qarabağın yaxın zamanda bizim olacağına şübhələrinin olmadıqlarını qeyd edirdilər.
Sonda isə məclisimizin digər həmsədri Nurlan Cəbrayılzadə bütün tədbir iştirakçılarına dəyərli fikir və təkliflərinə görə dərin minnatdarlığını bildirərək, dünya ictimaiyyətinin, haqqın və ədalətin bizim tərəfimizdə olduğunu qeyd etdi və bizim hər şeyə qadir olan güclü ordumuzun, liderimizin olduğunu söyləyərək tədbiri yekunlaşdırdı.