Qalib dövlət - qalib gənclik
2 fevral – Azərbaycan gəncləri günüdür.
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Bu siyasətin bir mərkəzdən idarə olunması üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi təsis olunub. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərmanın imzalanması Ümummilli Liderin gənclərə böyük qayğısının təzahürü idi. 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanun da bu istiqamətdə görülən ən mühüm işlərdən biridir.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb. Cənab Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətini qəbul etdiyi bütün qərarları ilə yüksək səviyyədə davam etdirir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb. 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqlənib.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Canı və qanı bahasına bizə parlaq qələbə sevincini yaşadan, ən yeni tarix yazaraq əzəli torpaqlarımızı işğaldan azad, suverenliyimizi bərpa edən qəhrəman övladlarımızı ehtiramla yad edirik. Azad edilən torpaqlarımızda görülən quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı onların bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Azərbaycan Gəncləri Günü münasibəti ilə hər bir gənci ürəkdən təbrik edirik!