Masallı üzrə nümayəndələrimizin “Dünyamızı qoruyaq” mövzusunda dəyirmi masa tədbiri
Masallı üzrə nümayəndələrimizin “Dünyamızı qoruyaq” mövzusunda dəyirmi masa tədbiri
Uşaq Səfirlər Məclisinin Masallı üzrə regional nümayəndələrinin təşəbbüsü, Rayon İcra Hakimiyyəti və Rayon Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə Masallı şəhər "Dəfinə" liseyində “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində “Dünyamızı qoruyaq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova və Uşaq Səfirlər Məclisinin Masallı üzrə regional nümayəndəsi Nuray Musayeva sülh, təhlükəsizlik və iqlim dəyişikliyi problemlərinin əsas məsələləri olan su ehtiyatlarının azalmasına qarşı tədbirlər, qida təhlükəsizliyinin gücləndirilməsi, iqlim dəyişikliyi və minaların ikili təsirlərindən əziyyət çəkən əhaliyə dəstəkdən söz açıblar. Bildirilib ki, müharibələr və münaqişələr, eləcə də onların nəticələri - biomüxtəlifliyin məhv edilməsi, zərərli maddələrin emissiyası, minalarla çirklənmə təkcə ətraf mühiti çirkləndirmir, həm də bəşəriyyəti iqlim dəyişikliyinin geri dönüşü olmayan qırmızı xəttinə daha da yaxınlaşdırır.
Diskussiya formatında keçirilən dəyirmi masada Uşaq Səfirlər Məclisinin regional nümayəndəliyinin təşkil etdiyi tədbirlərdə fəallıq nümayiş etdirən şagirdlər təşəkkürnamələr ilə təltif ediliblər.
Sonra Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.