Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib

Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib

  • 19 İyul 2024
  • admin

Göygöl şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19 iyul 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin Göygöl, Daşkəsən, Goranboy, Samux, Xocalı, Kəlbəcər rayonları, Gəncə və Naftalan şəhərləri üzrə regional nümayəndələri və fəalları üçün “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib.

İştirakçıları salamlayan Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır: “Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bizləri qeyd edilən məsələ ətrafında daha təəssübkeş olmağa vadar edir. Bunun üçün bizlər ilk olaraq gələcəyimiz olan uşaqlarımızın maarifləndirilməsindən başlamalı, onların ekoloji tərbiyəsi prosesinə öz töhfəmizi verməliyik. Şəhər və rayonlarımızda keçirilən tədbir və təlimlərimiz bu məqsədə xidmət edir”.

Çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov yeni yaranan təşkilat haqqında iştirakçılara məlumat verib. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə verən müasir mühiti formalaşdıracağını deyib: “Hazırda bizlər dünyamiqyaslı tədbir olan COP29-a ev sahibliyi edən ölkənin vətəndaşları və sizlər gələcəyi olan uşaqlar olaraq bu prosesə birgə öz töhfəmizi verməli, hər birimiz üzərimizə düşən öhdəliyi yerinə yetirməliyik. Bizlər sizlərin inkişafını, siz uşaqlar isə ölkəmizin yaşıl gələcəyinin inkişafını təmin etməlisiniz” – deyə bildirib.

Uşaq Səfirlər Məclisinin koordinatoru, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədr müavini Əsmər İsmayılova Platformanın fəaliyyət istiqamətləri və vəzifələri barədə təlim iştirakçılarına məlumat verib.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri İnci Hüseynli və Əliəkbər Babayev yaşıl dünya naminə həmrəyliyin və bütöv bir ilin bu istiqamətdə tədbirlərə və maarifləndirməyə həsr edilməsinin vacib olduğunu qeyd ediblər. Müasirləşən dünyada müsbət dəyişikliklərin mənfi fəsadları da bərabərində gətirdiyini, bunun yalnız birgə səylərin nəticəsində həll oluna biləcəyini deyiblər. Uşaq səfirlər həmçinin dövrün ekoloji problemlərinə toxunaraq qlobal istiləşmə, onun insanlarla bərabər flora və faunaya təsirindən söz açıblar. Su, od, torpaq və hava – təbiətin dörd ünsüründən yola çıxaraq çirklənmənin formaları və onların bu ünsürlərə təsiri nəticəsində baş verən fövqəladə hadisələri ətraflı şəkildə izah ediblər.

İnteraktiv şəkildə davam edən təlimin gedişində iştirakçılar üçün ekoloji problemlər və uşaqlıq dövründə maairfləndirmənin formalarına dair intellektual oyun keçirilib.

Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlim proqramı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təşkil edilib.