7 aprel 2025-ci il tarixində “Uşaq Səfirlər Məktəbi – 3” təcrübə proqramının iştirakçıları ilə ilk görüş keçirildi.
7 aprel 2025-ci il tarixində “Uşaq Səfirlər Məktəbi – 3” təcrübə proqramının iştirakçıları ilə ilk görüş keçirildi.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova açılış nitqi ilə çıxış edərək proqramın başlanğıcı münasibətilə iştirakçıları təbrik edib və bu proqramın uşaqların şəxsi inkişafı, liderlik bacarıqlarının inkişafı və ictimai fəallığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin seçim mərhələsində tətbiq olunan meyarlar və iştirakçıların seçimi zamanı nəzərə alınan əsas göstəricilər barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri qarşıdakı dörd ay ərzində həyata keçiriləcək fəaliyyət planı, nəzərdə tutulan təlimlər və icra olunacaq sosial layihələr barədə geniş məlumat təqdim ediblər. İştirakçılar isə ideyalarını səsləndirərək, suallar vermiş və proqramdan gözləntilərini, gələcək planlarını paylaşmışlar.
Sonda Cəmilə Bağırova iştirakçılara uğurlar arzulayıb və bu proqramın onların gələcək inkişafında mühüm rol oynayacağına əmin olduğunu bildirib.
Görüş xatirə fotosu ilə yekunlaşıb.
Qeyd edək ki, “Uşaq Səfirlər Məktəbi – 3” təcrübə proqramı dörd ay müddətində davam edəcək. Bu dövr ərzində iştirakçılar müxtəlif sahələri əhatə edən maarifləndirici təlimlərdə, sosial layihələrdə və ictimai fəaliyyətlərdə fəal iştirak edəcəklər.