4 sentyabr 2026-cı il tarixində "Bilim Bakı" Mərkəzində “Zəlzələlərə qarşı innovativ həllərin prototip üzərindən izahı və startup ideyasının inkişafı” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas mövzusu zəlzələlər zamanı insanların qarşılaşdığı problemlər, onların xilas edilməsi və bu istiqamətdə müasir texnologiyalardan istifadə imkanları olub.
Tədbir çərçivəsində iştirakçılar zəlzələ zamanı yaranan əsas problemləri müəyyənləşdirib, həmin problemlərə texnoloji və yaradıcı həllər üzərində işləyiblər. Uşaqlara innovativ ideyanın formalaşdırılması, startup ideyasının inkişaf etdirilməsi və öz layihələrini düzgün təqdim etməyin əsas prinsipləri izah olunub.
Eyni zamanda, süni intellekt və digər müasir texnologiyaların fövqəladə hallar zamanı insanların təhlükəsizliyinin təmin edilməsi və xilasetmə prosesində tətbiqi barədə məlumat verilib.
Praktiki yanaşma əsasında təşkil olunan tədbir iştirakçılara real problemlər üzərində düşünmək, öz ideyalarını prototip şəklində formalaşdırmaq və innovativ həllər hazırlamaq imkanı yaradıb.
Tədbirin sonunda iştirakçılar hazırladıqları ideyaları təqdim edərək zəlzələlər zamanı insanların həyatının xilas edilməsinə töhfə verə biləcək texnoloji həllərini bölüşüblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda innovativ düşüncə, yaradıcılıq, komanda işi və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, onları real sosial problemlərin həllinə yönəlmiş layihələr hazırlamağa təşviq etmək olub.