Qərbi Azərbaycan İcmasında “Vətənpərvər gənclik: Dəyərlər, məsuliyyət və gələcək” mövzusunda görüş keçirilib

Qərbi Azərbaycan İcmasında “Vətənpərvər gənclik: Dəyərlər, məsuliyyət və gələcək” mövzusunda görüş keçirilib

  • 11 Sentyabr 2026
  • admin

Sentyabrın 11-də Qərbi Azərbaycan İcmasında “Vətənpərvər gənclik: Dəyərlər, məsuliyyət və gələcək” mövzusunda görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə baş tutan görüşün əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə və dövlətçilik şüurunun formalaşdırılmasına töhfə vermək olub.

Dəyirmi masa formatında keçirilən tədbirdə AMEA-nın Müxbir üzvi, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Uşaq Səfirlər Məclisinin üzvləri, fəal və vətənpərvər şagirdlər iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra görüş səmimi söhbət və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Gənclərin sualları, onları maraqlandıran məsələlər və gələcəklə bağlı düşüncələri ətrafında geniş müzakirələr aparılıb.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov gənclərlə söhbət zamanı onların bu gün sahib olduqları imkanların və ölkənin qazandığı uğurların hansı fədakarlıqlar hesabına əldə edildiyini unutmamağın vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda yüz minlərlə insan canından keçib. Professor Azərbaycanın son illərdə dünyada daha çox tanındığını, ölkənin beynəlxalq nüfuzunun yüksəldiyini diqqətə çatdıraraq, bu uğurların davam etdirilməsində gənc nəslin üzərinə mühüm məsuliyyət düşdüyünü qeyd edib.