“Milli dəyərlərimizdən gələcəyə baxış” mövzusunda görüş keçirilib

“Milli dəyərlərimizdən gələcəyə baxış” mövzusunda görüş keçirilib

  • 24 Dekabr 2025
  • admin

“Milli dəyərlərimizdən gələcəyə baxış” mövzusunda görüş keçirilib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sabunçu Gənclər Evinin tərəfdaşlığı, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi və Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Laçın rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın ilk Baş naziri, keçmiş xarici işlər naziri, tarixçi-alim Həsən Həsənovla görüş keçirilmişdir.

Görüş “Milli dəyərlərimizdən gələcəyə baxış” mövzusuna həsr olunmuş və gənclərin milli kimlik, tarixi yaddaş və dövlətçilik dəyərləri barədə maarifləndirilməsi məqsədi daşımışdır.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədr müavini Misir Məmmədov qonağın dəvəti qəbul edərək tədbirdə iştirakına görə təşəkkürünü bildirmiş, İctimai Birliyin fəaliyyəti, həyata keçirilən layihələr və əsas məqsədlər barədə məlumat vermişdir. O, xüsusilə uşaqların və gənclərin intellektual, sosial və vətəndaşlıq bacarıqlarının inkişaf etdirilməsinin təşkilatın əsas prioritetlərindən biri olduğunu vurğulamışdır.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva çıxış edərək dövlətin uşaq siyasətinin əsas prioritetləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələr və uşaqların ictimai fəallığının artırılmasına yönəlmiş təşəbbüslər haqqında danışmışdır.

Ardınca Laçın Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Nazilə Abbasova çıxış edərək Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Laçın rayon üzrə nümayəndəliyinin fəaliyyəti, həyata keçirilən tədbirlər, uşaqların liderlik bacarıqlarının inkişaf etdirilməsi və onların ictimai proseslərdə iştirakının təşviq edilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Görüşün fəxri qonağı, Azərbaycanın ilk Baş naziri, keçmiş xarici işlər naziri, tarixçi-alim Həsən Həsənov çıxışında milli dəyərlərin qorunması, tarixi irsin gələcək nəsillərə ötürülməsi, müstəqil dövlətçilik ənənələrinin formalaşması və gənclərin bu prosesdə rolu haqqında geniş fikirlər səsləndirmişdir. O, fəaliyyət təcrübəsindən nümunələr gətirərək gənclərə tövsiyələr vermişdir.

Tədbir iştirakçıların fəal iştirakı ilə sual-cavab formatında davam etmiş, gəncləri maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər