28 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında
28 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvlərinin “Düşüncədən qələbəyə” debat layihəsi çərçivəsində növbəti görüşü 2 saylı Uşaq evində baş tutub.
Tədbir çərçivəsində iştirakçılar üçün “Debat nədir və necə aparılır?” mövzusunda maarifləndirici təlim təşkil olunmuş, eyni zamanda “Uşaq hüquqları” mövzusu üzrə məlumatlar verilmişdir.
Təlim prosesində uşaqlar debatın mahiyyəti, strukturu və əsas qaydaları ilə tanış olmuş, interaktiv oyunlar (energizerlər) vasitəsilə mövzuları daha yaxşı mənimsəmişlər.
Bundan əlavə, uşaqlara öz hüquqları, o cümlədən uşaq hüquqlarının pozulması halları ilə üzləşdikdə müraciət edə biləcəkləri qurumlar və müraciət mexanizmləri barədə ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi uşaqlarda tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, onların düzgün və effektiv ünsiyyət qurmaq, arqumentləşdirmə, ictimai çıxış və fikir mübadiləsi vərdişlərini gücləndirməkdir.