Xalqımızı tarixi ədalətə qovuşduran Qələbə
Artıq üçüncü ildir ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz xalq–iqtidar birliyi hesabına qazandığımız böyük Qələbənin, tarixi Zəfərin qürurunu yaşayır. 2020-ci ilə qədər adi təqvim günlərindən biri olan 8 Noyabr 3 il öncə xalqımızın minilliklərə gedib çıxan tarixinə böyük və parlaq hərflərlə əbədi həkk olundu. 8 Noyabr miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, bütünlüklə, Türk dünyasının son iki yüz il ərzində qazandığı ən böyük tarixi Zəfər hesab olunur.
Qədirbilən xalqımız möhtəşəmliyini, əhəmiyyətini, hər birimizin taleyindəki həlledici rolunu adi sözlərin ifadə edə bilməyəcəyi bu tarixi günü– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə Zəfər Günü kimi təsis edilən 8 Noyabrı böyük coşqu və sevgi ilə qarşılayır. Ölkəmiz bu tarixi qələbənin ildönümünü 3 ildir ki, uğurlarımızın memarı ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə, şəhidlərimizin ruhuna və qazilərimizin hünərinə böyük ehtiram və əlbəttə ki, tarixi Zəfərin lideri müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlıq hissləri ilə qeyd edir.
Xoşbəxt xalqıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər tariximiz davam edir, hər gün bu tarixin yeni səhifələri yazılır.
Qələbələr silsiləmiz bitməsin! Xalqımızı tarixi ədalətə qovuşduran Zəfər günümüz mübarək olsun!