“Uşaq Səfirlər Məktəbi”nin könüllüsü tərəfindən “Maarifləndirmə həftəsi”
“Uşaq Səfirlər Məktəbi” təcrübə proqramı layihəsinin könüllüsü Murad Zərbəliyev tərəfindən 144 nömrəli tam orta məktəbdə “Maarifləndirmə həftəsi” keçirilib.
Bir həftə ərzində təhsil müəssisəsinin VIII sinif şagirdlərinə “Uşaq hüquqları”, “Sosial fəaliyyət”, “Uşaq Səfirlər Məclisi nədir?”, “Vaxtın idarə edilməsi” təlimlər keçirilib, müzakirələr aparılıb. İnteraktiv şəkildə aparılan təlimlərdə Məclisin könüllüsü Murad Zərbəliyev qazandığı təcrübəni uşaqlarla bölüşərək, onların da bu tip fəaliyyətlər ilə parlaq gələcəkləri istiqamətində addım ata biləcəklərini qeyd edib.
Təlim proqramının sonunda uşaqların öyrəndikləri bilik və bacarıqlar müxtəlif sorğular, testlər və oyunlar ilə təkmilləşdirilib.
Qeyd edək ki, ötən ilin noyabr ayından başlayan “Uşaq Səfirlər Məktəbi” təcrübə proqramı layihəsinin məqsədi dörd aylıq müddət ərzində uşaqlara Məclis təcrübəsini öyrətmək və bu istiqamətdə fəaliyyət istiqamətlərini aşılamaqdır.