Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsinin “Təhsil üçün birləşək” adlı tədbiri...
Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsinin “Təhsil üçün birləşək” adlı tədbiri...
Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Teybə Tağıyevanın təşəbbüsü, Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Salakətin kənd tam orta məktəbində “Təhsil üçün birləşək” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, məktəbin direktoru Rəmziyyə Aslanova, məktəbin valideyn komitələrinin sədrləri, təhsildən yayınan şagirdlərin valideynləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış Uşaq Səfirlər Məclisi haqqında məlumat verib, həmçinin dövlətin təhsil siyasəti, müəllim-şagird-valideyn üçlüyü, şagirdlərin təhsildən yayınması, erkən nikah və digər aktual məsələlərdən söz açıb.
Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Teybə Tağıyeva çıxış edərək bildirib ki, təhsil sahəsində maarifləndirilmə işinin məsuliyyətlə və düzgün aparılması əsas şərtdir. Çünki yanlış atılan bir addım, səhv yönləndirmə və qeyri-professional yanaşma bir uşağın, bir fərdin gələcəyinin ən böyük probleminə çevrilə bilər. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Tədbir müəllim, valideyn və uşaqların qarşılıqlı müzakirəsi ilə davam edib.