Uşaq Səfirlər Məclisinin "RoboCoder" təlimlər silsiləsinə start verildi

Uşaq Səfirlər Məclisinin "RoboCoder" təlimlər silsiləsinə start verildi

  • 06 Noyabr 2023
  • admin

Noyabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisinin ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəlikləri” layihəsinin iştirakçısı olan S. C. Pişəvəri adına Respublika Humanitar fənnlər Gimnaziyasında "RoboCoder" təlimlər silsiləsinin ilk görüşü baş tutub.

Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvləri Nəzrin Bayramlı və Rüfət Əzizzadə tərəfindən Vlll, lX və X siniflərdə təhsil alan, proqramlaşdırma sahəsi ilə maraqlanan, eyni zamanda təhsilini bu istiqamətdə davam etdirmək istəyən məktəblilər üçün keçirilən təlim zamanı "Scratch nədir və onun fəaliyyət istiqamətləri" mövzusunda danışılıb. Müasir dövrdə bu proqramlaşdırma dillərinin öyrənilməsinin vacibliyi vurğulanıb. Təlim zamanı məktəblilərlə bu proqramlaşdırma dili vasitəsilə oyunlar yaradılıb, öyrənilən biliklər praktiki icra edilib.

Təlimin sonunda uşaqlar tərəfindən hazırlanan layihə nümunələrinin təqdimatı keçirilib və uşaqların onları maraqlandıran məsələlərlə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, 6 həftə boyunca həftədə 2 dəfə keçiriləcək təlimlərin məqsədi məktəblilərin kompüter biliklərinin təkmilləşdirilməsi, onlara proqramlaşdırma dilləri haqqında ilkin məlumatların təqdim edilməsi və nəticədə uşaqların rəqəmsal dünya, informatika sahəsinə olan marağının artırılmasıdır. Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

#UşaqSəfirlərMəclisi #USM #AiləQadınvəUşaqProblemləriüzrəDövlətKomitəsi #AQUPDK #Uşaqdanuşağa #RoboCoder #ÖyrənəkÖyrədək