Uşaq Səfirlər Məclisinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlimi keçirilib
Uşaq Səfirlər Məclisinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlimi keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gürcüstan Respublikası üzrə nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən və Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti muzeyinin dəstəyi ilə paytaxt Tbilisi şəhərindəki 64 saylı tam orta məktəbin Azərbaycan dili bölməsinin VII və VIII sinif şagirdləri üçün “Uşaq hüquqları – inkişaf üçün birləşək!” adlı təlim keçirilib.
Təlim zamanı öncə Uşaq Səfirlər Məclisinin fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra Gürcüstan üzrə nümayəndə Nəsimi Sadıqlı BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq bəndləri üzrə məlumat verib. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanunu və onun icra mexanizmlərindən söz açıb. Eyni zamanda uşaq hüquqlarının öyrənilməsi, təbliği və qorunması istiqamətində uşaqların həmyaşıdlarına dəstək olma formaları, müraciət edə biləcəkləri qurumlar barədə ətraflı informasiya verib.
Təlim iştirakçı uşaqların mövzu ilə bağlı suallarının cavablandırılması və interaktiv diskussiya şəklində davam edib.