Uşaq Səfirlər Məclisi üzvləri ilə növbəti görüş
Uşaq Səfirlər Məclisi üzvləri ilə növbəti görüş keçirilib
6 fevral 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitə yanında Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb.
Uşaqları salamlayan Aynur Sofiyeva, Məclisin fəaliyyətini istər ölkə, istərsə də dünya miqyasında müsbət təcrübə kimi qiymətləndirib və bunun da onların üzərinə əlavə məsuliyyət qoyduğunu diqqətə çatdırıb. A.Sofiyeva, BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin dinlənilməsi zamanı da bu uğurlu təcrübənin qeyd edildiyini vurğulayıb.
Sədr müavini, Ulu öndərin uşaq hüquqlarının təmin olunmasına həssaslıqla yanaşdığını, zamanında dövlət uşaq siyasətinin əsasını qoyduğunu və prioritet istiqamət kimi seçdiyini vurğulayıb. Heydər Əliyev ili çərçivəsində həyata keçiriləcək layihələrdən danışan sədr müavini, bu layihələrin Məclis üzvləri ilə birgə uğurla reallaşdırılacağına ümidini ifadə edib.
Sonda A.Sofiyeva, uşaqlara tövsiyələrini səsləndirib, sürətlə dəyişən dünyada, yeni tendesiyalarla ayaqlaşmaq üçün dayanmadan inkişaf etməyin, sağlam düşüncə ilə irəliyə doğru addımlamağın vacibliyini qeyd edib.
Uşaq Səfirlər Məclisinin ümumtəhsil müəssisələri üzrə yeni nümayəndələrinin də iştirak etdiyi görüşdə, cari ilin 6 aylıq tədbirlər planı müzakirə edilib, layihələrlə bağlı təkliflər səsləndirilib, müzakirə aparılıb.