“Uşaq hüquqları tribunası” mövzusunda konfrans keçirilir
Bahar Muradova: "Arzu edirəm ki bütün dünyada qəbul olunmuş qaydalar, normalar, konvensiyalar beynəlxalq hüququn prinsipləri ilə işləsin ki, hər bir ölkədə, hər bir coğrafi məkanda , hər bir qitədə, hər bir ailədə hər bir uşaq özünü xoşbəxt hiss etsin".
“Uşaq hüquqları tribunası” mövzusunda konfrans keçirilir
17 noyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaq hüquqları tribunası” mövzusunda konfrans öz işinə başlayıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dövlət uşaq siyasətini, eləcə də uşaq iştirakçılığı sahəsində həyata keçirilən tədbirləri özündə əks etdirən film nümayiş olunub.
Konfransı açıq elan edən Komitə sədri Bahar Muradova, tədbir iştirakçılarını, eləcə də qardaş Türkiyədən gələn qonaqları salamlayıb. İki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə diqqət çəkən sədr, müvafiq sahədə uğurlu əməkdaşlığın olduğunu, keçirilən tədbirlərdə qarşılıqlı iştirak edildiyini söyləyib.
Konfransın 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edildiyini bildirən Komitə sədri, bu günün tarixinə diqqət çəkib. Əlavə edib ki, bu sahədə mövcud qanunvericilik bazasının uşaqların müdafiəsi, onların hüquqlarının qorunması, inkişafı, cəmiyyət həyatında iştirakı ilə bağlı müəyyən etdiyi normalar gündəlik fəaliyyətimizin əsas hüquqi çərçivələridir.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyəti dövründən söz açan B.Muradova, ölkəmizin mövcudluğu boyunca uzun inkişaf yolu keçdiyini və bu inkişafın nəticələrinin göz önündə olduğunu vurğulayıb.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həm müstəqilliyə qədərki dövrdə, həm də müstəqillik illərində Azərbaycan dövlətinin inkişafına verdiyi töhfələrdən bəhs edən sədr, Ulu Öndərin bu prosesdə uşaqlara xüsusi yer ayırdığını, onların ən yaxın dostu olduğunu vurğulayıb. Bu gün cənab İlham Əliyevin bu siyasəti qətiyyətlə irəli apardığını qeyd edərək, həssas qrupdan olan, 30 il məcburi köçkün vəziyyətinə düşən insanların, xüsusilə də qadın və uşaqların pozulmuş hüquqlarının bərpası istiqamətində işlər aparıldığını bildirib.
Azərbaycanın tarixi qələbəsinə diqqət çəkən Bahar Muradova qeyd edib ki, bu gün övladlarımız bu Zəfərdən doğan inamla sabaha daha qətiyyətlə irəliləyir: “Bizim istədiyimiz odur ki, Azərbaycanda yaşayan hər bir kəs, bütün uşaqlar sərbəst, azad yaşasınlar, öz hüquqlarını və öhdəliklərini bilsinlər, məsuliyyətli, vicdanlı vətəndaş kimi yetişsinlər, adət-ənənələrimizə, dəyərlərimizə layiqli insan olsunlar". Sonda B.Muradova uşaqlara arzularını və təbriklərini çatdırıb.
Ölkəmizdə bu mövzuda konfransda iştirakla bağlı sevincini bölüşən Türkiyə Respublikası Ailə ve Sosial Xidmətlər Nazirliyinin əməkdaşı Muhammed Furkan Bilge, qardaş ölkədə həyata keçirilən uşaq siyasətindən söz açıb. O, uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu istiqamətdə Komitə ilə birgə uğurlu əməkdaşlığın ölkələrimiz arasında dostluğu daha da inkişaf etdirəcəyini bildirib.
Çıxışlar dinlənildikdən sonra rəsmi açılış mərasimi başa çatıb. Hazırda konfransın işi uşaq hüquqları ilə bağlı mövzuları əhatə edən 4 panel iclası ilə davam edir.
Qeyd edək ki, uşaq hüquqlarının üstün mühafizəsi prinsiplərini, onların rifahı üçün hərəkət etməyin vacibliyini və əhəmiyyətini cəmiyyətin diqqətinə çatdırmaq məqsədilə təşkil olunan tədbirdə ölkəmizin və Türkiyə Cümhuriyyətinin müvafiq qurumlarının nümayəndələri, eləcə də hər iki ölkədən 110 uşaq iştirak edir.