“Ulu Öndərin izi ilə” Qubadlıda...
Uşaq Səfirlər Məclisinin Qubadlı üzrə regional nümayəndələri Aysu Cuvarlı və Bahar Gözəlovanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ulu Öndərin izi ilə” adlı tədbir keçirilib.
Çıxışçılar bildiriblər ki, xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Milli qüruru yüksəldən, milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallığa çevrilmişdir. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı.
Sonra tədbir uşaqların hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.