“Qızlar müzakirəyə qoşulur” adlı 5-ci tədbir

“Qızlar müzakirəyə qoşulur” adlı 5-ci tədbir

  • 17 Fevral 2022
  • admin

“Qızlar müzakirəyə qoşulur” layihəsinin növbəti qonağı tarzən Humay Qədimovadır

17.02.2022 tarixində Xəzər rayon Şüvələn Gənclər evində dəyərli tarzən, pedaqoq, Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində tanıdan Humay Qədimova məktəblilərlə görüşüb. Görüş “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində keçirilib.

Komitənin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqları və qonaqları salamlayaraq dəvəti qəbul etdiyinə görə Humay Qədimovaya təşəkkürünü bildirib. O, Azərbaycan musiqisini dünyaya tanıdan, eləcə də qadınlar üçün ənənəvi olmayan bir sahədə istedadı ilə seçilən tarzənin sənətinin bugünkü gənclər üçün gözəl bir nümunə olduğunu qeyd edib.

Daha sonra Uşaq Səfirlər Məclisi üzvü Ayan Əhmədovanın hazırladığı video-çarx təqdim olunan zaman Məclis koordinatoru Əsmər İsmayılova tərəfindən gənc sənətçinin həyatı və fəaliyyəti haqqında uşaqlara qısa məlumat verilib. Məclis üzvləri - İsmayılova Nurel, Qəribova Aysu,Paşayeva Mədinə görüşdə iştirak etmişdir.

Bu görüşdən şad olduğunu bildirən Humay Qədimova musiqimizin milli ruhu, tarixi özündə daşıyan, ən vacib qollarından biri olan tar sənətini bütün dünyada məhz qadın obrazında tanıtmağı, müasir mədəniyyətimizə böyük töhfələr verməyi qarşıya məqsəd qoyduğunu bildirib. O, uşaqlarla səmimi görüşdən xoş təəssüratlarını bölüşərək, onlara hər zaman arzuladıqları, sevdikləri işlə məşğul olmağı tövsiyə edib.

Görüş tarzənin səmimi söhbətlərilə davam edib. Şagirdlər qonağa müxtəlif suallar ünvanlayıb və onun tövsiyələrini, eləcə də gözəl ifasını dinləyiblər.

Qeyd edək ki, “Qızlar müzakirəyə qoşulur” layihəsi 2021-ci ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Səfirlər Məclisinin təşkilatçılığı ilə keçirilir. Layihə çərçivəsində şəhər və rayonlardan olan şagirdlərin iştirakilə tanınmış alim, idmançı, ixtiraçı, yaradıcı qadınlarla mütəmadi görüşlər təşkil olunur. Görüşlərdə bugünədək 500-dən çox şagird iştirak edib.