“Mənim səsim - mənim hüquqlarım” adlı tədbir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim - mənim hüquqlarım” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl uşaqlar Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edən uşaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Tədbirdən öncə uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqları bayram münasibətilə təbrik edib. Dövlət uşaq siyasətindən bəhs edən sədr müavini xüsusilə Prezident cənab İlham Əliyevin bu məsələlərə münasibətinin, uşaqlara olan qayğı və sevgisini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edib.
O, dövlət qurumlarının, eləcə də Dövlət Komitəsinin də öz növbəsində uşaqlar üçün daha yaxşı həyatın təmin olunması, uşaq müdafiə sisteminin daha da gücləndirilməsi istiqamətində çalışdığını bildirib. Eyni zamanda Aynur Sofiyeva uşaqlarla bağlı strategiyanın qarşıya qoyduğu məqsəd və vəzifələr barədə məlumat verib. Həssas təbəqədən olan uşaqlarla bağlı məsələlərin daim diqqət mərkəzində saxlandığını qeyd edən sədr müavini, onların qayğı ilə əhatələnməsi, xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.