“Lider olmaq istəyirəm!” adlı yay məktəbi
“Lider olmaq istəyirəm!” adlı yay məktəbi fəaliyyətə başlayıb!
30 avqust 2021-ci il tarixində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbinə start verilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Komitə əməkdaşları, şəhid və qazi övladları daxil olmaqla Foruma seçilən namizədlər, Uşaq Səfirlər Məclisi üzvləri, təlimçi və ekspertlər iştirak edib.
Uşaq səfir Əsmər İsmayılova tədbiri açıq elan edərək qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikası dövlət himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqları salamlayaraq, yay məktəbinin başlaması münasibətilə təbrik edib. Yay məktəbinin Foruma hazırlıq mərhələsi olduğunu qeyd edən A.Sofiyeva, onların bilik və bacarıqlarını inkişaf etdirmək, respublikanın hər bir rayonundan olan uşaqlarla tanış olmaq, fikir mübadiləsi aparmaq, problem və uğurlarından danışmaq üçün gözəl platforma olduğunu dilə gətirib. Forumlarda uşaqların hər birinin liderlik keyfiyyətlərini daha da inkişaf etdirdiyinə diqqət çəkən sədr müavini, builki Uşaq Forumunda əvvəlkilərdən fərqli olaraq qalib ölkənin övladları kimi daha böyük həvəs, ruh yüksəkliyi ilə iştirak etdiklərini, eləcə də nəticələrinin də daha böyük uğurlara yol açacağını vurğulayıb.
Daha sonra Forumlarla bağlı film izlənilib və təlimlər başlayıb.
İlk interaktiv təlimlər Dövlət Komitəsinin şöbə müdiri Fərid Ədilovun “Uşaq hüquqları: bərabər imkanlar”, Ümidli Gələcək Sosial Təşəbbüslər İB sədri Kəmalə Aşumovanın "Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu” mövzusunda təşkil edilib.
Daha sonra isə uşaqların maraqlı vaxt keçirməsi üçün " Nə? Harada? Nə zaman?" intellektual turnirinin ilkin mərhələsi baş tutub.
Qeyd edək ki, sentyabrın 10-dək davam edəcək yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, Uşaq Səfirlər Məclisinin üzvləri, o cümlədən şəhid və qazı övladları daxil olmaqla 60 nəfər iştirak edəcək.
Yay məktəbinin keçirilməsində məqsəd Forumda müzakirə ediləcək mövzularla bağlı uşaqları məlumatlandırmaq, onları iştiraka hazırlamaq və tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqları inkişaf etdirməkdir.
10 gün ərzində uşaqlar, karantin qaydalarına uyğun olaraq 2 qrupda aidiyyəti mövzular üzrə mütəxəssislər və ekspertlərin keçdiyi təlimlərə qatılacaq. Bununla yanaşı müxtəlif interaktiv bilik yarışları, əyləncəli oyunlar keçiriləcək, uşaqların hazırladıqları təqdimatlar, çıxışlar dinləniləcək.