Gəncə şəhərində “İnternetdən düzgün istifadə edək” mövzusunda maarifləndirici tədbir keçirilib
29 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məktəblilərin internetdən təhlükəsiz və düzgün istifadəsi, rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklər barədə maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbirin açılışında Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyəti barədə danışıb və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edib. O, iştirakçılara Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin fəaliyyəti, məqsəd və vəzifələri, uşaqlar üçün yaratdığı imkanlar və iştirakçılıq mexanizmləri barədə ətraflı məlumat verib. Cəmilə Bağırova iştirakçıların suallarını cavablandıraraq onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Tədbir çərçivəsində Uşaq Səfirlər Məclisinin Gəncə şəhərindən, Kəlbəcər və Göygöl rayonlarından olan nümayəndələrinə Dövlət Komitəsi tərəfindən atributlar təqdim olunub.
Ardınca “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov tərəfindən “İnternetdən düzgün istifadə edək” mövzusunda təlim keçirilib. Təlim zamanı internetdən təhlükəsiz və məsuliyyətli istifadə qaydaları, rəqəmsal mühitdə diqqət edilməli məqamlar, şəxsi məlumatların qorunması və internetdə qarşılaşa biləcək risklər barədə iştirakçılara məlumat verilib.
Sonda iştirakçılarla xatirə fotosu çəkilib.