“Ekoloji problemlərlə mübarizədə alternativ enerji mənbələrinə keçid ən effektiv üsuldur” mövzusunda debat turnirinin ikinci mərhələsi keçirilib
Uşaq Səfirlər Məclisinin Balakən regionu üzrə nümayəndəsinin təşəbbüsü ilə “Ekoloji problemlərlə mübarizədə alternativ enerji mənbələrinə keçid ən effektiv üsuldur” mövzusunda debat turnirinin ikinci mərhələsi keçirilib
Uşaq Səfirlər Məclisinin Balakən regionu üzrə nümayəndəsi Şəbnəm Osmanovanın təşəbbüsü, Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə Gənclər və İdman sektoru, Balakən rayonu üzrə Təhsil sektoru və Balakən Gənclər Evinin dəstəyi ilə “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində “Ekoloji problemlərlə mübarizədə alternativ enerji mənbələrinə keçid ən effektiv üsuldur” mövzusunda debat turnirinin ikinci mərhələsi keçirilib.
Bu mərhələdə 6 komandada, 18 uşaq və 6 məşqçi-mentor və könüllülər iştirak edib.
Layihənin məqsədi məktəblilərdə sosial bacarıqların artırılması, onların auditoriya qarşısında çıxış edə bilmək bacarığını formalaşdırmaq və inkişaf etdirmək, dünyagörüşünün artırılması, asudə vaxtın səmərəli təşkilidir.
İkinci mərhələdə “Təsdiq” və “İnkar” komandaları olmaqla akademik Zərifə Əliyeva adına şəhər 3 saylı, A.Novruzov adına humanitar və texniki təmayüllü lisey, Nizami Gəncəvi adına şəhər 1 saylı tam orta məktəb, Katex kənd 1 saylı tam orta, Nəsimi adına şəhər 2 saylı tam orta məktəb və Qullar kənd 1 saylı tam orta məktəbin şagirdləri debatda yarışıblar.
Debat auditoriya, hakimlər və iştirakçılar tərəfindən bu dəfə də maraqla qarşılandı.
Qeyd edək ki, yarışlardan öncə uşaqlar üçün məlumatlandırıcı təlimlər keçirilib və layihə üzrə debat yarışlarının finalı növbəti günlərdə keçiriləcək.