BDU-da “Abituriyentlərə dəstək” proqramının ilk təlimi

BDU-da “Abituriyentlərə dəstək” proqramının ilk təlimi

  • 05 Mart 2024
  • admin

BDU-da “Abituriyentlərə dəstək” proqramının ilk təlimi

Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi tərəfindən keçirilən “Gələcəyini qur!” layihəsi çərçivəsində “Abituriyentlərə dəstək” proqramının ilk təlimi baş tutub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirakçıları salamlayaraq, həyatlarındakı ən önəmli addımların atıldığı bir dövrdə abituriyentlər üçün belə bir təlimin faydalı olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı ali təhsil müəssisəsi olan BDU hər zaman gələcəyimiz olan gənclərin inkişafı, tərəqqisi və irəli getməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. Universitetin nəzdində fəaliyyət göstərən tələbə təşkilatları, həmçinin Mədəniyyət-yaradıcılıq Mərkəzi də bu kimi işləri həyata keçirən təsisatlardandır.

AQUPDK-nın Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin fəaliyyət mexanizmindən, keçirdiyi tədbirlərdən söz açıb. Həmçinin Azərbaycan qanunvericiliyində uşaqların inkişafı, müdafiəsi və sağlam gələcəyi üçün qəbul edilmiş qanunlar, dövlət proqramları və bir çox sənədlərin gələcəyimizi möhkəm təməllər üzərində qurduğumuza bir işarə olduğunu vurğulayıb. Bildirib ki, dövlətin əsas siyasəti və prioritet kimi müəyyən etdiyi xətt olan uşaq məsələləri və onların inkişafı bu gün güclü Azərbaycanın daha da qüdrətlənməsi yolunda atılan addımdır.

Çıxış edən Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin kordinatorları Əsmər İsmayılova və Nurlan Cəbrayılzadə önəmli dövrlərdən keçən abituriyentləri diqqətli olmağa çağırıblar, eyni zamanda gələcək peşələrinin onların həyatlarını formalaşdıracaq və yönləndirəcək bir vasitə olduğunu nəzərə alaraq bu yolda hər zaman əzmlə çalışmağın müsbət nəticələri bərabərində gətirəcəyini qeyd ediblər.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Xəlil Babayev tərəfindən interaktiv şəkildə aparılan təlimdə uşaqlara imtahan prosesinə hazırlıq zamanı stresin idarə olunması, özünü motivasiyə etməyin yolları izah edilib. İxtisas seçimi zamanı kənar müdaxilələrin fərdi seçimlərə olan təsirinin ciddi fəsadlara yol aça biləcəyini və bunun üçün abituriyentlərin öz seçimlərini edərkən subyektiv mövqedən yanaşmağın vacib olduğu diqqətə çatdırıblar.

Təlim sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, təlim 4 və 6 mart tarixləri olmaqla iki gün nəzərdə tutulub.