Uşağın yaşamaq və inkişaf etmək hüququ

Hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir.

Uşağın həyat və sağlamlığının qorunması hüququ

Hər bir uşağın həyat və sağlamlığının qorunması hüququ vardır.

Dövlət uşaqların həyatının mühafizəsi, onların sağlam inkişafı, ekoloji təhlükəsizliyi, keyfiyyətli qida və içməli təmiz su ilə təminatı üçün aşağıdakı tədbirləri görür:

  1. profilaktik peyvəndlərin aparılması və uşaqların inkişafına yönəldilmiş digər qabaqlayıcı tədbirlərin görülməsi;
  2. uşaqların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida və içməli su ilə təminatı;
  3. uşaqların və valideynlərin (onları əvəz edən şəxslərin) sağlamlığın qorunması, uşaqların sağlam qidalanması, ana südü ilə qidalanma, gigiyena qaydalarına əməl olunma, ətraf mühitin mühafizəsi, təbii fəlakətlərdən və bədbəxt hadisələrdən qorunma barədə məlumatlandırılması;
  4. uşaq ölümünün azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi.

Dövlət uşaqların dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında uşaqların və onların qanuni nümayəndələrinin tam və obyektiv məlumat almaq hüququnu təmin edir.

Valideynlər (onları əvəz edən şəxslər) uşaqların sağlamlığının qayğısına qalmalı və uşağın tibbi yardıma ehtiyacı olduqda dərhal tibb müəssisəsinə müraciət etməlidirlər.

Uşaqlara tibbi-sosial yardım “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan uşaqların müalicəsinin təşkili “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Uşaqların dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvənd edilməsindən əvvəl büdcə vəsaiti hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, profilaktik peyvəndlər təqviminə əsasən yaş qruplarına görə peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək hüququ vardır.

Uşaqların təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə saxlanma, təhsil və tərbiyə şəraiti Azərbaycan Respublikasının sanitariya-epidemioloji salamatlıq haqqında qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.

Dövlət zorakılıqdan, hərbi münaqişələrdən, təbii fəlakətlərdən və bədbəxt hadisələrdən zərər çəkmiş, zorakılığın şahidi və qurbanı olmuş, habelə əlilliyi olan uşaqların fiziki və psixi sağlamlığının qorunmasını, o cümlədən sosial reabilitasiyasını təmin edir.

Əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyət göstərən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların sağlamlığının mühafizəsi üzrə proqramlar həyata keçirirlər.

Uşağın ailədə yaşamaq hüququ

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunla müəyyən edilmiş hallardan başqa valideynlərin iradəsinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

Uşağın təhsil hüququ

Hər bir uşağın keyfiyyətli təhsil almaq hüququ vardır. Dövlət uşaqların təhsilə olan fərdi ehtiyac və imkanlarını nəzərə almaqla onların təhsilə bərabər çıxış imkanlarını təmin edir.

Dövlət uşaqların dövlət təhsil müəssisələrində pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir uşaq pulsuz ümumi təhsil almaq hüququna malikdir.

Dövlət icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması və belə halların qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir.

Dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı uşaqların təhsilini davam etdirməsinə təminat verir.

Dövlət xüsusi istedada malik uşaqların erkən yaşdan üzə çıxarılması, onların qabiliyyətinin qiymətləndirilməsi üçün tədbirlər görür, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis edir, təhsil müəssisələri sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.

Sağlamlıq imkanları məhdud uşaqların təhsili sahəsində yaranan münasibətlər “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və xüsusi təhsilin təşkilati-hüquqi və iqtisadi əsasları müəyyən edilir.

Mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində uşaqlara qanuna uyğun olaraq ödənişsiz tibbi və psixoloji yardım göstərilir.

Təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər. Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.

Təhsil müəssisələrində uşaqlar arasında hüquq pozuntularının, riskli davranışın və zərərli vərdişlərə aludəlik meyllərinin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış uşaqların sosial bacarıqlarının artırılması məqsədilə profilaktik tədbirlər görülür və sağlam həyat tərzini təbliğ edən layihələr həyata keçirilir.

Uşağın istirahət hüququ

Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır.

Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən şəxslər) və müvafiq dövlət orqanları (qurumları) uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.

Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni və yaradıcılıq fəaliyyəti ilə məşğul olmasını təmin etmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrinin, uşaq və gənclər, idman, mədəniyyət və sağlamlıq obyektlərinin və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən ödənişsiz və güzəştli istifadə qaydalarını müəyyən edir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır.

Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara və əlilliyi olan uşaqlara bədən tərbiyəsi-idman xidmətləri ödənişsiz göstərilir.

Əlilliyi olan, şəhid ailəsinin üzvü olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar sanatoriya-kurort müalicəsi almaq üçün normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada sanatoriya-kurort yollayışları ilə təmin edilirlər.

Uşağın vətəndaşlıq və ad almaq hüququ

Hər bir uşaq doğulduqdan sonra onun doğumu Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir.

Uşağa ad Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq verilir.

Uşağın tərbiyə almaq hüququ

Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.

Uşağın tərbiyəsi ailədə, təhsil və sosial xidmət müəssisələrində həyata keçirilir. Uşaqların tərbiyəsi sahəsində həyata keçirilən tədbirlər uşaq hüquqlarını pozmamalıdır.

Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, dünyagörüşünün, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edir.

Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir.

Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrum edilməsinə yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar, CinayətCinayət-Prosessual məcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumat verilməlidir.

Uşağın sosial təminat hüququ

Hər bir uşaq sosial təminat hüququna malikdir.

Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır.

Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərir.

Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstərilir.

Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirirlər.

Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirirlər.