Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən

 

Uşaq Səfirlər Məclisinin

 

Ə S A S N A M Ə S İ 

 

  1. Ümumi müddəalar 

 

  1. Uşaq Səfirlər Məclisi (bundan sonra – Məclis) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (bundan sonra – Dövlət Komitəsi) layihəsi əsasında və ictimai əsaslarla fəaliyyət göstərən təşkilatdır; 
  2. Məclis öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və bu Əsasnaməni rəhbər tutur.
  3. Məclisin fəaliyyətinə Dövlət Komitəsi nəzarət edir.
  4. Məclis öz fəaliyyətini Dövlət Komitəsi ilə razılaşdırmaqla həyata keçirir.
  5. Məclisin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Dövlət Komitəsi hesabına maliyyələşdirilir.
  6. təşkilatın daxilində müvafiq departament yaradılır.
  7. Məclisin öz loqosu və üzərində bu loqonun əksi olan bayrağı var.
  8. Məclis hüquqi şəxs statusuna malik deyil.
  9. bu Əsasnaməyə əlavə və dəyişikliklərin edilməsi Dövlət Komitəsi sədrinin əmrinə əsasən aparılır.

 

 

  1. Məclisin məqsədi

 

  1. Uşaq Səfirlər Məclisinin yaradılmasının məqsədi uşaq hüquqlarının təşviqi, müstəqil özünü ifadə bacarığının formalaşdırılması, ictimai fəallığının artırılması, uşaqların fəal vətəndaşlıq, qanunun aliliyi ruhunda istiqamətlənməsi, liderlik bacarıqlarının, idarəetmə qabiliyyətinin formalaşdırılması, xüsusilə də iştirak hüquqlarının təmin edilməsini həyata keçirməkdən ibarətdir.                       

 

  1. Məclisin fəaliyyət istiqamətləri

3.1. Məclisin fəaliyyət istiqamətləri aşağıdakılardır:

3.1.1. dövlət uşaq siyasətinin həyata keçirilməsinə dəstək göstərmək;

3.1.2.    cəmiyyətdə uşaq hüquqlarını təşviq etmək;

3.1.3 uşaq hüquqları ilə bağlı uşaqlar arasında maarifləndirmənin həyata keçirilməsi, onların bilik və bacarıqlarının artırılması.

 

 

 

 

  1. Məclisin vəzifələri

4.1. Məclis, bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

4.1.1.  uşaq hüquqlarına dair strategiya, milli fəalliyyət planının icrasının həyata keçirilməsinə dəstək göstərmək;

4.1.2.    uşaq inkişafı üzrə təkliflər hazırlamaq;

4.1.3. uşaq hüquqları ilə bağlı müxtəlif tədbirlər, təlimlər, layihələr həyata keçirmək;

4.1.4.  çətin həyat şəraitində olan uşaqlar və uşaq hüquqlarının pozulması halları barədə Dövlət Komitəsinə dərhal məlumat vermək;

4.1.5.   uşaqların inkişafı məqsədilə müxtəlif aktual mövzularla bağlı yerli və beynəlxalq səviyyəli layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

4.1.6. istedadlı və fəal uşaqların aşkarlanması, onların dəstəklənməsində iştirak etmək;

4.1.7.   fəalları, regional və ümumi təhsil müəssisələri üzrə nümayəndələrin fəaliyyətinə dəstək göstərmək;

4.1.8. fəallar, regional və ümumi təhsil müəssisələri üzrə nümayəndələrinin fəaliyyəti əsasında təhlillər aparmaq, müvafiq statistik məlumatlar toplamaq;

4.1.9. dekabr ayının ilk həftəsinədək növbəti ildə Məclisin fəaliyyətinə dair (regional nümayəndələrin də fəaliyyəti daxil olmaqla) Tədbirlər Planını təsdiq üçün Dövlət Komitəsinə təqdim etmək;

4.1.10. bu Əsasnaməyə uyğun olaraq, uşaqlar üçün əhəmiyyət kəsb edən, habelə uşaq siyasəti sahəsində qəbul olunmuş normativ hüquqi aktlardan, dövlət proqramlarından, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərə dair istedadlı və yaradıcı uşaqların layihələrinin dəstəklənməsində iştirak etmək;

4.1.11. Məclisin fəaliyyəti ilə bağlı vahid informasiya sistemi, habelə sosial şəbəkə platformalarında səhifə yaratmaq, internet resurslarında informasiyanın mütəmadi olaraq yenilənməsini təmin etmək.

4.1.12. görülmüş işlər barədə Komitə rəhbərliyinə hesabat vermək və rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;

4.1.13. Dövlət Komitəsinin tövsiyəsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

  1. Məclisin Hüquqları

 

  1. Öz vəzifələrini yerinə yetirmək üçün Məclis aşağıdakı hüquqlara malikdir:
    1. Uşaq hüquqları sahəsində Dövlət Komitəsi qarşısında təşəbbüslə çıxış etmək, təkliflər vermək;
    2. Məclisin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
    3. Zəruri hallarda məclisin fəaliyyəti ilə bağlı növbədənkənar əyani, habelə onlayn iclaslar təşkil etmək;
    4. dövlət orqanları, qeyri-hökümət təşkilatlar, beynəlxalq təşkilatlar və digər qurumlarla əməkdaşlıq etmək; 
    5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təşkil olunmuş forum, konfrans, seminar və digər tədbirlərdə iştirak etmək;
    6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırma aparmaq; 
    7. dövlət uşaq siyasəti ilə bağlı yerli və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etmək;
    8. fəallar, habelə regional və məktəb nümayəndələri arasında fəaliyyəti və xüsusi aktivliyi ilə fərqlənən şəxsin (şəxslərin) həvəsləndirilməsi və stimullaşdırılması üçün tədbirlər görmək;

 

 

 

 

  1. Məclisin fəaliyyətinin təşkili

 

  1. Məclisin strukturuna daxil olan 15 məclis üzvü (uşaq səfir), fəallar, regional və ümumi təhsil müəssisələri üzrə nümayəndələr Məclisin vahid sistemini təşkil edir. Məclis öz fəaliyyətini bilavasitə, eləcədə fəallar və nümayəndələr vasitəsilə həyata keçirir;
  2. Məclis 15 üzvdən ibarətdir.
  3. Məclisin idarəetmə orqanı İdarə Heyətidir;
  4. İdarə Heyəti 4 departament rəhbərindən ibarətdir.
  5. Departament rəhbəri;
    1. Departamentin fəaliyyəti ilə bağlı ay ərzində bir dəfə olmaqla əyani, habelə ayda dörd dəfə olmaqla (onlardan bir dəfə regional nümayəndələrlə) onlayn iclaslar təşkil edir;
    2. Departament üzvlərinin fəaliyyəti ilə bağlı illik hesabatı təsdiq üçün Dövlət Komitəsinə təqdim edir;
    3. Departament üzvləri tərəfindən Dövlət Komitəsi ilə razılaşmaqla növbəti il üzrə hazırlanan “Tədbirlər Planı”nın layihəsini təsdiq üçün Komitəyə təqdim edir.

 

 

  1. Məclisin fəaliyyətinə nəzarətin həyata keçirilməsi

 

  1. Məclisin fəaliyyətinə nəzarəti Dövlət Komitəsinin sədri tərəfindən əməkdaşlar arasından təyin edilən əlaqələndirici şəxs həyata keçirir.
  2. Əlaqələndirici şəxs:
    1. Məclisin fəaliyyətini təşkil edir;
    2. Məclis üzvləri, fəallar və nümayəndələr arasında qarşılıqlı fəaliyyəti təmin edir;
    3. Məclis ilə Dövlət Komitəsi arasında koordinasiya işlərini həyata keçirir;
    4. Komitənin tövsiyələri barədə Məclis üzvlərini məlumatlandırır;
    5. Məclis üzvlərinin rəy, təklif, şikayət və xahişlərini Komitəyə bildirir;
    6. Məclis üzvlərinin təkliflərinə əsasən departament rəhbərlərini təsdiq edir;
    7. Məclisin iclaslarını təyin edir;
    8. Məclisin ümumi fəaliyyətini monitorinq edir;
    9. Məclis üzvlərinin fəaliyyəti ilə bağlı Komitə rəhbərliyinə məlumat verir;
    10. Departament rəhbərləri, eləcədə regional nümayəndələrdən aylıq və illik hesabat alır;
    11. Məclisə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsinə nəzarət edir; 

 

 

 

  1. Məclisin üzvlüyünə qəbul

 

  1. Dövlət Komitəsində Məclisə qəbul üzrə Komissiya  yaradılır;
  2. Komissiyanın sədri Dövlət Komitəsinin rəhbərliyidir;
  3. Məclis qəbul üzrə Komissiyanın tərkibi Dövlət Komitəsinin sədri tərəfindən təsdiq edilir.
  4. Məclisə qəbul müsahibə əsasında keçirilir;
  5. Qəbul zamanı namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü və məclis nümayəndəsi üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin istiqamətə uyğunluğunu müəyyən edir.

 

 

 

  1. Məclis üzvünün hüquq və vəzifələri 

 

  1. Məclis üzvü aşağıdakı hüquqlara malikdir:
    1. Məclisin fəaliyyəti haqqında məlumat əldə etmək;
    2. Uşaq hüquqlarının inkişafı, Məclisin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
    3. Məclisin fəaliyyəti haqqında Dövlət Komitəsinin nəzərdə tutduğu qaydada  məlumatı ictimailəşdirmək;
    4. Dövlət Komitəsi tərəfindən həyata keçirilən müvafiq tədbirlərdə iştirak etmək.

 

  1. Məclis üzvü aşağıdakı vəzifələri yerinə yetirir:
    1. Dövlət və dövlətçilik, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət prinsiplərini əsas tutmaq;
    2. Tədbirlər planının hazırlanmasına dair təkliflər vermək;
    3. Tədbirlər planında üzərinə düşən vəzifələri yerinə yetirmək;
    4. verilən tapşırıqları icra etmək;
    5. öz fəaliyyəti, gördüyü işlər barəsində hesabat hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
    6. Məclisin əsasnaməsinə uyğun göstərişlərə əməl etmək;
    7. Məclis üzvlərinin şəxsi məlumatlarının konfidensiallığını təmin etmək;
    8. Öhdəliyində olan ləvazimatlara diqqət və qayğı ilə yanaşmaq;
    9. uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat vermək;
    10. digər məclis üzvləri, fəal və ya nümayəndənin işini çətinləşdirən, Dövlət Komitəsinin, eləcə də Məclisin nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməmək;
    11. uşaqlar arasında Məclisin fəaliyyəti ilə bağlı məlumatlandırma işini aparmaq, fəal və ümumi təhsil müəssisəsində nümayəndə olmaq istəyən uşaqlar barədə məlumatları Komitəyə təqdim etmək;
    12. hər hansı bir təşkilata üzv olması və ya onun fəaliyyətində iştirak etməsi ilə bağlı əvvəlcədən Komitəyə məlumat vermək;
    13. uşaqların bir-biri ilə əlaqələndirilməsi, proseslərə qoşulması və bacarıqlarının artırılmasında fəal iştirak etmək;
    14. uşaqlar arasında uşaq hüquqların ilə bağlı məlumatlılığın artırılması məqsədilə təlim, və vebinarlar təşkil etmək;
    15. bu əsasnamənin tələblərinə və etik davranış qaydalarına əməl etmək;
    16.  öz fəaliyyətində obyektiv və qərəzsiz olmaq.

 

 

 

  1.  Məclis üzvünün vəsiqəsi

 

  1. Məclisə üzv olaraq qəbul edilən şəxslərə Dövlət Komitəsi tərəfindən vəsiqə təqdim olunur;
  2. vəsiqə məclis üzvünün Məclisdəki fəaliyyətini təsdiq edən rəsmi sənəddir;
  3. vəsiqənin nümunəsi Dövlət Komitəsi tərəfindən müəyyən edilir;
  4. səfirlər üzvlük vəsiqəsinin Dövlət Komitəsinin sədri tərəfindən imzalandığı gün bu əsasnamənin bəndlərini qəbul etmiş hesab edilir;
  5. Məclisdə fəaliyyətini tamamlayan hər bir şəxs üzvlük vəsiqəsini Dövlət Komitəsinə təhvil verməlidir.

 

 

  1. Məclis üzvlərinin fəaliyyətinə xitam verilməsi

 

  1. Məclis üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
  2. 18 yaşı tamam olduqda;
  3. könüllü olaraq Məclisin üzvlüyündən çıxdıqda;
  4. il ərzində 3 dəfədən artıq iclas və tədbirlərdə iştirak etmədikdə (üzrlü səbəblər istisna olmaqla);
  5. məclisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdikdə;
  6. etik davranış qaydalarının kobud surətdə pozduqda;
  7. bu əsasnamənin tələblərini pozduqda;
  8. bu əsasnamənin 11.1 və 11.2-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda Məclis üzvünün fəaliyyətinə onun ərizəsi əsasında xitam verilir;
  9. bu əsasnamənin 11.3-11.7-ci yarımbəndlərində nəzərə tutulmuş hallarda üzvlərə bildiriş gödərilməklə xitam verilir, bildirişin surəti Dövlət Komitəsində saxlanılır.

 

 

  1. Məclisin fəalları və ümumtəhsil müəssisələri üzrə nümayəndələri

 

  1. Məclisin hüquq və vəzifələrinin yerinə yetirilməsinə dəstək göstərilməsi məqsədilə fəallar və ümumi təhsil müəssisələri üzrə nümayəndələr aşağıdakı qaydada seçilir:
    1. fəallar Dövlət Komitəsi və Məclis tərəfindən təşkil olunan tədbirlər zamanı xüsusi aktivlik nümayiş etdirən, fəaliyyəti ilə fərqlənən 12-15 yaşlı uşaqlar arasından seçilir; 
    2. ümumi təhsil müəssisələri üzrə nümayəndələr 14-17 yaşlı şagirdlər arasından seçilir. 
  2. fəallar və ümumi təhsil müəssisələri üzrə nümayəndələrin fəaliyyətinə bu əsasnamənin 11.1., 11.4.-11.6-cı bəndlərinə uyğun olaraq xitam verilir.

 

 

  1. Məclisin təsis olunması və ləğv olunması

 

  1. Məclis Dövlət Komitəsi sədrinin əmri əsasında yaradılır və ləğv edilir.

 

 

  1. Əlavə müddəalar

 

  1. Məclis üzvləri, fəallar eləcə də məktəb və regional nümayəndələrin Məclisdə fəaliyyət göstərdikləri müddətdə onların iştirakı ilə hazırlanan video çəkiliş, foto çəkiliş, elektron təlim, təqdimatlar, sosial çarx, maarifləndirici və digər materiallar, həmçinin, çıxışlar, layihələr, təkliflər Dövlət Komitəsinə məxsusdur.
  2. Məclisin tərkibində fəaliyyət göstərdikləri müddətdə iş prosesinin asanlaşdırılması məqsədilə məclis üzvləri, fəallar eləcə də nümayəndələrə təqdim olunan hər bir avadanlıq Dövlət Komitəsinə məxsusdur.