Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu

  • 14 Dekabr 2024
  • admin

5 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu  keçirilmişdir. 

Forum ölkə ərazisinin bütün bölgələrindən olan uşaqların iştirakı ilə təşkil edilmiş və onların ekoloji məsələlərə dair dialoq və müzakirələrdə iştirakını təmin edən mühüm platforma olmuşdur.

Forum, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı müraciətin səsləndirilməsi ilə başlamışdır.  Daha sonra uşaqlar adından dövlət başçısına “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 sessiyasının uğurlu yekunlarını simvolizə edən xüsusi hədiyyə təqdim olunmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz açılış nitqində dövlətin uşaqlara göstərdiyi xüsusi diqqəti vurğulamış, Forumun əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulamışdır. Komitə sədri, bu tədbirin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilmiş bütün bölgələrindən olan uşaqlar üçün mühüm imkan olduğunu bildirmişdir.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən biri də kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaqdır. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev qeyd edib ki, uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün investisiya vacibdir. Nazir müavini hədəflərə nail olmaq məqsədilə son illər siyasi, iqtisadi və qanunvericilik islahatları aparıldığını vurğulayıb. 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, COP29-un keçirildiyi günlərdə UNİCEF-in ölkəmizdəki tərəfdaşları ilə birlikdə uşaqları və gəncləri iqlim dəyişikliyi mövzusunda biliklərini artırmağa, milli və beynəlxalq iqlimlə bağlı əsas tədbirlərdə iştiraka cəlb etdiyini vurğulayıb, həmin iştirakçıların Azərbaycanın bütün uşaqları adından təcili iqlim tədbirlərinə çağırış etdiklərini deyib.

Forum uşaqların rəsmi nümayəndələrlə dialoqu ilə davam edib. Müzakirələrdə iştirak edən səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  Hidayət Abdullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, IV “Yüksəliş” müsabiqəsinin qalibləri Günel Musayeva və Seymur Hüseynov uşaqların suallarını cavablandırıblar.

İkinci hissədə işçi qruplarda “Uşaq hüquqları: İnkişaf üçün birləşək- Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar- Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi- Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi- Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi- Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti- Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq- təbiəti qoruyaq” mövzuları müzakirə edilib.

Forum çərçivəsində iştirakçılar tərəfindən işçi qruplarda yeddi mövzu üzrə aparılan müzakirələrin yekun təqdimatı keçirilib.

Uşaqların təqdimatında təbiətin qorunması, ekoloji maarifləndirmə ilə bağlı uşaqların düşüncələrini özündə əks etdirən hekayələrin kitab halında toplanaraq gələcək nəsillərə ötürülməsi, uşaqların sağlamlıq vəziyyətini izləyə bilən mobil tətbiqin yaradılması, “Təbiətlə öyrənək” layihəsində məktəblərin rolunun artırılması, ailədə valideyn-uşaq münasibətlərinin daha da yaxşılaşdırılması, uşaqların könüllü fəaliyyətlərə həvəsləndirilməsi, məktəblərdə şagirdlər arasında sosial əlaqələrin gücləndirilməsi, sosial yönümlü fəaliyyətin təşviqi məqsədi ilə klubların açılması, vətənpərvərliyi davamlı inkişaf ilə əlaqəndirmək kimi məsələlər yer alıb.

Həmçinin, “Parlaq Gənclər”, “Vətənin Məktubları” və “Səda jurnalı” onlayn platformalarının, eləcə də "Mənim Səsim Eşidilir” anonim psixoloji dəstək platformasının qurulması, “BilikDostu” mobil tətbiqininin və ya saytının hazırlanması, “Parlayan İstedadlar”, "Xəzər Könüllüləri" və "Səhhət Könüllüləri"  layihəsinin həyata keçirilməsi, “Ekoloji Dəyişimin Gücü" ekoloji qəhrəmanlıq kitabı layihəsinin təklifləri səsləndirilib.

Yekun nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,  çox vacib və əhəmiyyətli bir platformada gərgin və məhsuldar müzakirələrin nəticələrini yüksək qiymətləndirib. Forum iştirakçıları tərəfindən səsləndirilən təkliflərin olduqca vacib, faydalı və maraqlı olduğunu qeyd edən B. Muradova bildirib ki, təkliflərin hər biri davamlı bir layihəyə çevrilməsi üçün əsaslıdır. Dövlət Komitəsi də irəli sürülən məqsədyönlü təşəbbüslərin reallaşması üçün lazımi addımları atacaq.

Daha sonra Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.

Davamında Forum iştirakçıları adından Azərbaycan uşaqlarına ünvanlanmış müraciət dinlənilib.

Forum konsert proqramı ilə yekunlaşıb.