Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu
Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Komitə, UNİCEF və Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildən etibarən dörd Ümumrespublika Uşaq Forumu keçirib.
Forumlara respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və istedadları ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan yüzlərlə uşaq qatılıb. Valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, həssas təbəqədən, eləcə də digər millətlərdən olan uşaqların, xüsusilə də qaçqın və məcburi köçkün, şəhid və qazi ailələrinin övladlarının iştirakına xüsusi önəm verilib.
4 il fasilədən sonra bu il noyabrın 18-ində keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu əvvəlkilərdən fərqli bir ab-havada, Zəfər sevinci, qürur və fərəh dolu hisslərlə baş tutub. Bu respublika əhəmiyyətli tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə əməkdaşlığı çərçivəsində keçirilib.
Forumun işinə 1 iyun 2021-ci il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim- mənim hüquqlarım” adlı dəyirmi masada start verilib və Foruma hazırlıq prosesi, eləcə də seçim mərhələsi başlayıb.
Respublikanın bütün şəhər və rayonlarını əhatə edən seçimlərdə fəallığı və istedadı ilə seçilən uşaqlar iştirak edib. Seçim turları oktyabrın 16-da yekunlaşıb və 300 uşaq Forumda iştirak hüququ qazanıb.
Uşaqların Foruma hazırlığı, onlarda liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi məqsədilə 30 avqust 2021-ci il tarixində “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbinə start verilib.
İki həftə davam edən yay məktəbində şəhid və qazi övladları daxil olmaqla Foruma seçilən namizədlər, Uşaq Səfirlər Məclisi üzvləri iştirak edib. Müxtəlif təlimçi və ekspertlərin iştirakı ilə təlimlər, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər keçirilib.
Yay məktəbi uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, fikir mübadiləsi aparmaq, problem və uğurlarından danışmaq üçün gözəl bir platforma rolunu oynayıb.
Yay məktəbi bitdikdən sonra uşaqların dövlət qurumlarının rəhbərləri ilə görüşləri keçirilib. Görüşlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb, milli-mənəvi dəyərlər, peşə seçimi, uğur qazanmağın yolları və digər mövzularda maraqlı müzakirələr aparılıb.
Foruma hazırlıq mərhələsində həyata keçirilən bu tədbirlərin uşaqların Forum zamanı təklif və tövsiyələrini səsləndirməsi, diskussiya aparması, müraciətlərini hazırlaması baxımından mühüm rolu olub.
İki hissədən ibarət olan Forumun rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra uşaqların ifasında “Zəfər” bədii kompozisiyası təqdim edilib.
Ardınca Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin davamında Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Daha sonra Forumun seçim mərhələlərini, hazırlıq prosesində həyata keçirilən tədbirləri özündə əks etdirən video-çarx və ardınca dövlət uşaq siyasəti haqqında film nümayiş etdirilib.
Dövlət uşaq siyasəti haqqında filmin nümayişindən sonra Dövlət Komitəsinin sədri Bahar Muradova, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva, UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Min Yuan çıxış edərək Forum iştirakçılarını və qonaqları salamlayaraq, uşaqları bu əlamətdar gün münasibətilə təbrik ediblər.
Çıxışlardan sonra dövlət rəsmiləri ilə forum iştirakçıları arasında 7 mövzu üzrə müzakirə aparılıb.
Müzakirə zamanı Dövlət Komitəsinin sədri Bahar Muradova, təhsil naziri Emin Əmrullayev, səhiyyə nazirinin müavini Rahim Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, gənclər və idman nazirinin müavini İntiqam Babayev uşaqların müxtəlif mövzularda olan suallarını cavablandırıblar. Tədbir diskussiya ilə davam edib.
Müzakirələr bitdikdən sonra Azərbaycan uşaqları adından Prezident cənab İlham Əliyevə hörmət, ehtiram və minnətdarlıq duyğularını ifadə etmək məqsədilə təqdim ediləcək “Şanlı Zəfər” rəsm kompozisiyasının hazırlanma prosesinin video-çarxı nümayiş etdirilib. Kompozisiya respublikanın müxtəlif regionlarından olan uşaqlar və Dövlət Rəssamlıq Akademiyasının əməkdaşı, rəssam Nadir Cəfərov tərəfindən ərsəyə gətirilib.
Forumun davamında Türkiyə Cümhuriyyətində keçirilən 22-ci Ulusal Çocuk Forumu iştirakçıları ilə virtual-körpü yaradılmaqla uşaqlar qarşılıqlı ürək sözlərini və təbriklərini çatdırıblar.
İkinci hissədə “Uşaq hüquqları: inkişaf üçün birləşək”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar”, “Uşaqların internet təhlükəsizliyi”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Vətəni sevək, ona layiq olaq.” adlı 7 müxtəlif mövzular üzrə ayrılan qruplarda ekspertlərin təlimlərindən sonra uşaqlar tərəfindən müzakirələr aparılıb, təqdimatlar hazırlanıb. Daha sonra uşaqlar təqdimatlarla çıxış ediblər.
Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, Forum iştirakçılarının fikir və təkliflərinə münasibət bildirib, uşaqların qeyd etdiyi məqamların dövlət qurumlarının gələcək fəaliyyətində nəzərə alınacağına inamını ifadə edib. O, çıxışının sonunda uşaqlara təbrik və arzularını çatdırıb.
Daha sonra, Forumun Əlaqələndirmə Şurasının yeni tərkibini təşkil edən üzvlərin adları səsləndirilib. Ardınca, Azərbaycan uşaqları adından silahlı münaqişələrdən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti, beynəlxalq təşkilatlara müraciət təqdim olunub və V Forumun Bəyannaməsinin mətni oxunub.
Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət səsləndirilib.
Beləliklə, bir il ərzində ümumilikdə 2000 uşağın iştirak etdiyi Forum işini uğurla başa vurdu.