Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu
20 noyabr 2017-ci il tarixində “JW Marriott” Abşeron otelinin Şərq zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib.
Tədbirdən əvvəl Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. Sonra Şəhidlər Xiyabanına gedən Forum iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Forum Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşağın iştirakı ilə keçirilib. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan, qaçqın və məcburi köçkün ailələrindən olan, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş uşaqların Forumlarda təmsilçiliyinə də xüsusi önəm verilib.
Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirilərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir. Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
Forumun açılışında Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, AQUPDK-nın sədri Hicran Hüseynova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan, Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların Müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov Dimitrov iştirak ediblər.
Forum başlamamışdan öncə uşaqların əl işlərindən ibarət sərgi və foyedə uşaq hüquqlarına dair filmlər nümayiş olunub.
İki hissədən ibarət olan Forumda birinci rəsmi hissənin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Davamında Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümumrespublika Uşaq Forumlarının iştirakçılarına təbrik məktubunu oxuyub.
Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin təbriklərini uşaqlara çatdırmaqdan məmnun olduğunu bildirib. O deyib ki, uşaqlar həm sayca artmalı, həm də onların potensialını müəyyənləşdirən digər keyfiyyət parametrlərinə malik olmalıdırlar. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması, uşaqların sağlam böyüməsi üçün dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyət göstərirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Forumun keçirilməsi münasibətilə uşaqları təbrik etdiyinə, xoş sözlərinə və səmimi arzularına görə təşəkkürünü bildirib. Komitə sədri qeyd edib ki, möhtərəm Prezident hər zaman uşaqlara diqqət göstərir, onların hüquqlarının qorunması sahəsində bütün imkanları yaradır: “Elə bu müraciət ölkədə uşaq siyasətinin həyata keçirilməsində dövlətin və onun başçısının qayğısını bir daha təsdiq edir. Artıq ənənəyə çevrilmiş Uşaq Forumlarının keçirilməsində bizə hərtərəfli dəstək göstərdiklərinə görə Heydər Əliyev Fondunun prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və BMT-nin Uşaq Fondunun rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk. Təkcə ölkənin deyil, həm Cənubi Qafqazın ən tanınmış qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu uşaq məsələlərinə xüsusi diqqət ayrırır. Mehriban xanım uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli işlər görür.”
Hicran Hüseynova qeyd edib ki, bizim digər əsas tərəfdaşımız BMT-nin Uşaq Fondudur: “25 ilə yaxındır əməkdaşlıq çərçivəsində biz uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir sıra aktual layihələr keçirmişik, ölkə üzrə proqramları qəbul edib, yerinə yetirmişik. Azərbaycanda BMT Uşaq Fondunun fəaliyyətə başlamasını Ümummilli Lider Heydər Əliyev yaxından dəstəkləyirdi. O, təşkilatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirmişdir. Bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən bu əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirilir. Uşaq Fondunun təşəbbüsləri Hökumət tərəfindən daim dəstəklənir. Bu isə, həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm də maarifləndirmə işlərinin aparılmasında öz töfhəsini verir.”
Hicran Hüseynova bildirib ki, Forumdan Foruma iştirakçıların sayı artır, digər ölkələrdən də bizə qoşulurlar. Bütün bunlar Forumun səviyyəsinin daha da artdığını, beynəlxalq nüfuz qazandığını sübut edir. O, eyni zamanda, uşaqların sağlam və xoşbəxt böyüməsinin hər zaman olduğu kimi, bu gün də aktual olduğunu qeyd edib: “Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. 8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, sizin kimi gənc oğlan və qızlar sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağrış etdilər və onların bir çox ideya və arzuları həyata keçirilib. Bu gün isə biz artıq IV Forumu keçiririk. Bu nəyin göstəricisidir? Əlbəttə ki, sizin cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinizdir.
Komitə sədri uşaqlara müraciət edəərk bildirib: “Biz sizə çox ümid edirik. İnanırıq ki, estafet çox etibarlı əllərdədir. Siz son dərəcə qeyri-adi enerjiyə, istedada maliksiniz. Gənc nəsil həmişə yeni novator ideyalar gətirir. Adətən yeni eksperimentlər, mübahisələr, yeni yanaşmalar sizə daha çox xas olan bir keyfiyyətdir. Ona görə də əziz uşaqlar, sizin üzərinizə böyük iş düşür. Qeyd etməliyəm ki, keçirilən əvvəlki Forumlarda qəbul olunan Bəyannamələrdə sizin tərəfinizdən irəli sürülən təkliflər öz həllini tapmışdır. Bu da onu göstərir ki, Foruma münasibət çox ciddidir. Və dövlət hər bir vətəndaşın istər uşaq, istərsə də böyüyün fikrinə, arzusuna diqqətlə yanaşır. Cəsarətli olun! Hər şey sizin gücünüzdən, biliyinizdən asılıdır. Əsas odur ki, inadla irəli gedəsiniz. Bir olmağınız, mehribançılığınız, dostluğunuz, vətənpərvərliyiniz isə ən xoş arzu və niyyətləri həyata keçirməkdə sizə mütləq kömək edəcəkdir.”
UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan Forumun uşaqların gələcək həyatlarında danılmaz əhəmiyyəti olacağına əminliyini bildirib. Azərbaycan hökumətinin uşaqlara və onların hüquqlarının təmin olunması məsələlərinə çox həssaslıqla yanaşdığını qeyd edən Əfşan Xan bütün uşaqları öz ailələrinin və xalqlarının gələcəyinə davamlı töhfə verməyə qadir vəziyyətə gətirmək üçün onlara imkanlar yaratmağın vacibliyini vurğulayıb. UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru uşaqlara, xüsusilə ən həssas vəziyyətdə olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dünyanın hər yerində həssaslıqla yanaşmanın vacib amil olduğunu qeyd edib.
Türkiyə Respublikasının ailə və sosial siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların Müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov Forumun keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər. Bildirilib ki, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək fürsətinin verilməsi onların hüquqlarının təmin edilməsinə böyük kömək göstərməkdir.
Forum çərçivəsində Türkiyə və Bolqarıstan Respublikasından uşaqlar çıxış ediblər.
Sonra şəhid uşaqların xatirələri bir dəqiqəlik sükutla yad edilib, ardından regionlardan salamlar və təkliflər səsləndirilib.
Uşaqların tribunasına dəvət olunan Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə DÖvlət Komitəsinin sədri Hicran Hüseynova, Daxili İşlər nazirinin müavini Oruc Zalov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Səhiyyə nazirinin müavini Elsəvər Ağayev, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini Firudun Qurbanov, Gənclər və İdman nazirinin müavinin İntiqam Babayev 7 mövzu ətrafında uşaqların suallarını cavablandırıblar.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycanın bütün bölgələrindən gətirilmiş torpaqlarla hazırlanmış ölkəmizin xəritəsi hazırlanıb və təqdim olunub.
Birinci hissənin yekununda “Natiq ritm qrupu”nun ifasında “İgidlər yurdusan ey Azərbaycan” mahnısı səsləndirilib.
İkinci hissədə “Uşaq hüquqları: inkişaf üçün birləşək”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar”, “Uşaqların internet təhlükəsizliyi”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Vətəni sevək, Ona layiq olaq. Qarabağ həqiqətlərini dünyaya çatdıraq” adlı 7 müxtəlif mövzular üzrə ayrılan qruplarda uşaqlar tərəfindən müzakirələr aparılacaq, təqdimatlarla çıxışlar edilib. Daha sonra mövzular ətrafında müzakirələr aparılıb.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, beynəlxalq təşkilatlara bəyanat və Forumun bəyannaməsi qəbul edilib.
Yekunda uşaqlar üçün əyləncə təşkil olunub.