Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu
Noyabr ayının 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının III Forumu keçirilmişdir.
Forum öz işinə 17 noyabr tarixində rəsmi hissə ilə başlamışdır. Foruma Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri dəvət olunmuşdur. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından olan 315 uşaq, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan, digər millətlərdən olan, xüsusi istedadı olan, valideyin himayəsindən məhrum olmuş uşaqlar nümayəndə qismində iştirak etmişdir.
Azərbaycan Respublikasının Himni ilə Forum açıq elan edilmiş və rəsmi hissədə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubu səslənmişdir. Daha sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova çıxış edərək Forum iştirakçılarına ürək sözlərini çatdırmışdır.
Forum zamanı iştirakçılar “Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu” adlı xatirə lövhəsinə ürək sözlərini yazmış, təkliflər qutusuna öz təkliflərin atmışdır. Həmçinin Forumun açılışı və bağlanış mərasimi uşaqlardan ibarət bədii kompozisiya ilə müşayiət olunmuş, bütün tədbirin gedişi, hökumət rəsmilərinin və həmçinin, vətəndaşların Forum barədə fikirləri, işçi qrupların müzakirələri səhnədə quraşdırılmış monitorlar vasitəsilə Forum iştirakçılarının diqqətinə çatdırılmışdır.
Forumun iştirakçıları olan uşaqlar Forumdan irəli gələn və uşaqların üzərinə düşən vəzifələrin həlli, eləcə də Forumdan sonrakı dövrdə də uşaqların bir-birləri ilə əlaqələrinin saxlanılması məqsədilə Əlaqələndirmə Şurasını yaratmışlar.
Forumun yekununda Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edilmişdir.