Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu
16 noyabr 2011-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının İkinci Ümumrespublika Forumu keçirilmişdir. Forumun keçirilməsində məqsəd uşaqlara öz hüquqlarının müdafiəsi istiqamətində onları maraqlandıran məqamları müzakirə etmək və müvafiq təşəbbüslə çıxış etmək imkanı yaratmaqdan ibarətdir. Respublikanın 85 rayon və şəhərindən 350 uşağın qatıldığı forumda xüsusi qayğıya ehtiyacı olan, xüsusi istedadı olan, valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakına xüsusi yer verilib. Forumun açılış mərasimi Azərbaycan himninin səslənməsi ilə başlayıb. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda bildirilir ki, bu il Azərbaycan öz dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyini qeyd edir. Forum iştirakçıları isə müstəqil dövrdə dünyaya gələn gənclərdir. “İnanıram ki, siz Azərbaycanın gələcəkdə də inkişafı üçün səylərinizi əsirgəməyəcəksiniz”, - deyilən məktubda o da vurğulanır ki, uşaqların hərtərəfli inkişafı və layiqli vətəndaş olmaları – dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məktubda bu forumun dövlətin bu sahədəki siyasətinə töhfə verəcəyi də qeyd edilir, forumun işinə uğurlar arzulanır. Tədbirdə bütün Azərbaycan uşaqları adından dövlət başçısına təşəkkür bildirilib. Prezident İlham Əliyevin Uşaqların dostu mükafatına layiq görüldüyü vurğulanıb. Sonra ölkəmizdə uşaq siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Forumda Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Uşaqların dostu" seçilmişlər. Tədbirdə hökumət adından çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Uşaqlarının 2-ci Ümumrespublika Forumunun ölkə həyatında əlamətdar hadisə olduğunu deyib. Çünki söhbət Azərbaycanın gələcəyindən gedir. E.Əfəndiyev öz çıxışında eyni zamanda qeyd etmişdir ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və uşaqların qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipidir. Baş nazirin müavini qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə daha artıq vüsət alır.
Elçin Əfəndiyev bildirmişdir ki, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, onların yaradıcılıq mühitində böyüməsi, idmanla məşğul olması kimi mühüm məsələlər cəmiyyətimizin diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də olduqca vacib məsələdir. Baş nazirin müavini bu gün ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq Dövlət Proqramının həyata keçirildiyini diqqətə çatdırmış və bu proqramların vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Azərbaycanda mükəmməl uşaq qanunvericiliyinin mövcudluğunu xüsusi olaraq qeyd edən Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirmişdir ki, 1998-ci ildən ölkədə uşaq hüquqları ilə bağlı qanunvericilik aktları qəbul olunmağa başlanmışdır. Milli Məclis tərəfindən 10-dan artıq qanun qəbul olunmuş, ümumilikdə isə 72 qanun və 11 Məcəllə uşaq hüquqlarını özündə əks etdirir. Bu hüquqların reallaşması, uşaqların sağlam, yüksək savada malik şəxs kimi formalaşması, bütün sosial hüquqlarının qorunması, yuvenal ədliyyə sahəsinin inkişaf etdirilməsi və uşaq iqtisadi siyasətinin həyata keçirilməsi üçün Azərbaycan qanunvericiliyində kifayət qədər ciddi əsaslar vardır. Həmçinin, Bahar Muradova bu gün Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi nəticəsində meydana çıxan çətinliklərin aradan qaldırılması üçün qanunvericilikdə müəyyən məsələlərin nəzərdə tutulduğunu da diqqətə çatdırmışdır.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard BMT-nin Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Konvensiyada təsbit edilmiş hüquqlardan biri də ondan ibarətdir ki, 18 yaşınadək hər bir gənc onun həyatına təsir edən proseslərlə bağlı qərarların qəbul edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən uşaq və gənclərin həyatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm layihələrin həyata keçirildiyini qeyd edən Mark Herevard forumun işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, bugünkü forum çərçivəsində uşaqlar həlledilməsi mütləq olan problemləri, çətinlikləri təhlil edəcək və onların həlli yollarını müəyyən etməyə çalışacaqlar. Hamınızı müzakirələrdə fəal iştirak etməyə çağırıram.
Forumda Sumqayıt, Bərdə, Lənkəran, Xaçmaz, Zaqatala ilə canlı bağlantı yaradılmışdır. Tədbirdə uşaqların iştirakı ilə konsert proqramı təşkil edilmişdir. Sonra forumda "Bütün uşaqlar üçün bərabər hüquqlar", "Yeni təhsil standartları", "Asudə vaxtımızı səmərəli keçirək", "Ətraf mühiti qoruyaq", "Qarabağ həqiqətləri uşaqların dili ilə", "Vətəni sevək və ona layiq olaq", "Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin məsuliyyəti" mövzuları ətrafında müzakirələr aparılmışdır. Forum çərçivəsində uşaqlardan ibarət Əlaqələndirmə Şurası yaradılmış, bəyannamə qəbul olunmuşdur.